

ABŞ Prezidenti Donald Tramp ikinci prezidentlik müddətində Konqres qarşısında ilk çıxışına “Amerika qayıdıb” sözləri ilə başladı. Bu sözlər Konqresin Respublikaçı üzvlərinin alqışlarına və “ABŞ!” şüarı səsləndirməsinə səbəb oldu.
“Altı həftə əvvəl mən bu Kapitolinin günbəzinin altında dayanıb Amerikanın Qızıl Dövrünün başlanğıcını elan etdim. O andan etibarən ölkəmizin tarixindəki ən böyük və ən uğurlu dövrü gətirmək üçün yalnız sürətli və dayanmadan fəaliyyət göstərilib,” – Tramp dedi.
Tramp bildirib ki, onun administrasiyası 43 gün ərzində əksər administrasiyaların əldə etdiyindən daha çox nailiyyət əldə edib. “Və bu, hələ başlanğıcdır”, o deyib.
İndiyə qədər Tramp 76 icra sərəncamı imzalayıb. Bu sərəncamlardan bir neçəsi məhkəmədə mübahisələndirilir.
Trampın çıxışına başlamasından bir neçə dəqiqə sonra Nümayəndələr Palatasının zalından səslənən narazılıq və istehzalar onun sözünü kəsdi. Bu, ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Consonun Texasdan olan Demokrat nümayəndə Al Qrinin zalın mühafizə xidməti tərəfindən çıxarılmasını əmr etməsinə səbəb oldu.
Tramp, Qrinin zalı tərk etməsindən sonra çıxışına davam etdi.
ABŞ Prezidenti çıxışında ölkə iqtisadiyyatına toxunaraq Bayden administrasiyası dövründə müşahidə olunan inflyasiyanın son 48 ilin ən “bərbad” inflyasiyası olduğunu bildirdi: “Prezident olaraq, mən hər gün bu zərəri aradan qaldırmaq və Amerikada iqtisadi əlçatanlığı bərpa etmək üçün mübarizə aparacağam.”
“Co Bayden xüsusilə yumurtaların qiymətinin nəzarətdən çıxmasına yol verdi – və biz onu ucuzlaşdırmaq üçün əlimizdən gələni edirik,” – Tramp əlavə etdi.
ABŞ-ın aparıcı ticarət tərəfdaşları olan Kanada, Meksika və Çinə qarşı tariflərin qüvvəyə mindiyi gündə Konqres qarşısında çıxış edən Tramp, ABŞ-a qarşı qüvvədə olan tarif və bənzər iqtisadi tədbirlərə oxşar şəkildə cavab veriləcəyini bəyan etdi. “Bizə trilyonlarla dollar gələcək və biz heç zaman şahidi olmadığımız sayda iş yerləri açacağıq,” – o qeyd etdi.
Bayden administrasiyasının ən çox tənqid olunduğu mövzulardan biri olan immiqrasiyaya toxunan Tramp, son günlərdə ölkəyə qeyri-qanuni keçidlərin sayının azalmasına diqqət çəkərək öz administrasiyasının bu istiqamətdə əldə etdiyi nəticəni vurğuladı.
“Media və Demokratlar Partiyasındakı dostlarımız durmadan deyirdilər ki, sərhədi təhlükəsiz etmək üçün bizə yeni qanun lazımdır. Amma məlum oldu ki, bizə lazım olan yeni prezident idi,” – Tramp bildirdi.
Çıxışı zamanı Ukraynadakı müharibəyə də toxunan Tramp, Zelenskinin ABŞ-ın sülh danışıqları təşəbbüsünə müsbət yanaşmasını vurğuladı və Avropanın indiyədək Ukraynanın müdafiəsinə kifayət qədər maliyyə ayırmadığını vurğuladı.
“Birləşmiş Ştatlar Ukraynanın müdafiəsinə dəstək üçün yüz milyardlarla dollar göndərib. Eyni zamanda Avropa Rusiyadan alınan neft və qaza daha çox pul xərcləyib, nəinki Ukraynanın müdafiəsinə,” – o qeyd edib.
Tramp çıxışı zamanı DOGE kimi tanınan və milyarder İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamentinin yaradılmasına qeyd etdi.
Ənənəyə əsasən, ABŞ Prezidentinin Konqresə müraciətindən sonra müxalifətdə olan partiyadan bir şəxs prezidentin çıxışına cavab verir. Bu dəfə Demokratlar Partiyasının Miçiqandan seçilmiş yeni senatoru və sabiq Mərkəzi Təhqiqatlar Agentliyinin təhlilçisi Elissa Slotkin Trampın müraciətinə cavab verdi.
“Orta təbəqə ölkəmizin mühərrikidir, güclü milli təhlükəsizlik bizi təhlükələrdən qoruyur və demokratiyamız — nə qədər qarışıq olsa da — misilsizdir və uğrunda mübarizə aparmağa dəyər”, o çıxışında deyib.
Slotkin çıxışında Amerikanın dəyişiklik istədiyini, lakin dəyişiklik etməyin məsuliyyətli və məsuliyyətsiz yolları olduğunu vurğulayıb: “Biz bu dəyişiklikləri həyata keçirə bilərik. Ölkə və demokratiya olaraq kim olduğumuzu unutmadan.”