“Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər” Dünya

“Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər”

Elxan Şahinoğlu: “Vaşinqtona da bu lazımdır”

“Donald Tramp fevralın 12-də rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində “bizimlə İran arasında vasitəçi olmanızı istəyirəm” səsləndirməklə hiyləgər gediş edib. Putin Trampın təklifinə dərhal razılaşıb. Kreml sahibi düşünüb ki, Trampın ona işə düşübsə, deməli Vaşinqton həm Rusiyanın Ukrayna ilə müharibədə maraqlarını nəzərə alacaq, həm də yaxın gələcəkdə ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ortadan qaldırılacaq”.

“Xalq Cəbhəsi” xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, Tramp bunların hər ikisini bu və digər formada reallaşdıra bilər: “Ancaq Tramp administrasiyasının ana məqsədi Rusiyanı İranla vasitəçiliyə razı salmaqla Kreml-Tehran arasındakı ittifaqı zəiflətməkdir. Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri Trampla danışıqların əleyhinədir, ali dini lider Əli Xameneyi Prezident Məsud Pezeşkiana Vaşinqtonla təmas qurmağı qadağan edib. Deməli, eyni məntiqlə mühafizəkarlar Kremlin vasitəçiliyini də qəbul etməyə bilərlər, yəni Putinin sözünü yer salacaqlar. Vaşinqtona da bu lazımdır”.

Elxan Şahinoğlu həmçinin diqqətə çatdırıb ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Trampın ünvanına müsbət fikirlər söyləməklə, rusiyalı həmkarı kimi ABŞ-la münasibətlərin normallaşmasına və ona qarşı da tətbiq edilən sanksiyaların yumşalmasına ümid edir: “Lukaşenkonun “Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edirəm” təklifinin arxasında bu amil dayanır. Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Lukaşenkonun təklifinə dərhal “hə” deyib. Vaşinqtondan xəbər yoxdur. Tramp Minskdə görüşə razılaşarsa, Lukaşenko həm sanksiyaların yumşalmasına, həm də Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs razılaşmasında rolunun artmasına ümidlənəcək. Fikrimcə, Tramp yenə də Səudiyyə Ərəbistanına üstünlük verəcək. Vaşinqton liderlərin görüş yeri kimi Türkiyə və ya Macarıstana da üstünlük verə bilər”.