

Belarus Prezidenti Aleksandr Lukaşenko Trampın ünvanına müsbət fikirlər söyləməklə, rusiyalı həmkarı kimi, ABŞ-la münasibətlərin normallaşmasına və ona qarşı da tətbiq edilən sanksiyaların yumşalmasına ümid edir. Lukaşenkonun “Tramp, Putin və Zelenskini danışıqlar aparmaq üçün Minskə dəvət edirəm” təklifinin arxasında bu amil dayanır.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Belarus lideri Aleksandr Lukaşenkonun amerikalı bloger Mario Naufala müsahibəsində səsləndirdiyi fikirlər haqda deyib.
“Rusiya Prezidenti Vladimir Putin sözçüsü Dmitri Peskov vasitəsilə Lukaşenkonun təklifinə dərhal “hə” deyib. Vaşinqtondan xəbər yoxdur. Tramp Minskdə görüşə razılaşarsa, Lukaşenko həm sanksiyaların yumşalmasına, həm də Rusiya ilə Ukrayna arasında mümkün atəşkəs razılaşmasında rolunun artmasına ümidlənəcək. Fikrimcə, Tramp yenə də Səudiyyə Ərəbistanına üstünlük verəcək. Vaşinqton liderlərin görüş yeri kimi Türkiyə və ya Macarıstana da üstünlük verə bilər”, - o bildirib.