Avropa Ukrayna üçün “Səma qalxanı” yaradır - Böyük plan Dünya

Avropa Ukrayna üçün “Səma qalxanı” yaradır - Böyük plan

Avropa Hərbi Hava Qüvvələrinin 120 qırıcısı Moskva ilə əlavə münaqişə yaratmadan Rusiyanın Ukraynaya hücumlarından qorumaq üçün yerləşdirilə bilər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə “Quardian” nəşri hərbi ekspertlərin hazırladığı plana istinadla yazıb.

“Planın tərəfdarları deyirlər ki, Avropanın “Səma qalxanı” Rusiyanın qanadlı raketləri və dronlarının şəhərlərə və infrastruktura hücumunu dayandırmaq üçün NATO-dan ayrı hava məkanı müdafiə zonası olacaq və bu, Ukrayna Prezidenti Vladimir Zelenskinin təklif etdiyi səmada atəşkəsin bir hissəsini təşkil edəcək. Bu, Ukraynanın fəaliyyətdə olan üç atom elektrik stansiyasını, Odessa və Lvov şəhərlərini əhatə edəcək, cəbhə xəttini və ya ölkənin şərqini deyil”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu planın tərəfdarları arasında ABŞ Hərbi Hava Qüvvələri generalı və NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin keçmiş baş komandanı Filip Bridlav, Britaniya ordusunun generalı və NATO Müttəfiq Qüvvələrinin baş komandanının keçmiş müavini Riçard Şirreff və Polşanın keçmiş prezidenti Aleksander Kvasnevski də var.

Nəşr yazır ki, “Səma qalxanı” layihəsi əvvəllər Ukrayna ordusu ilə işləmiş Kral Hərbi Hava Qüvvələrinin keçmiş planlaşdırıcıları tərəfindən hazırlanıb.

Bununla belə, Avropa liderləri müharibənin davam etdiyi bir vaxtda Ukrayna səmasında patrul keçirmək istəklərini ifadə etməyiblər:

“Qərb siyasi dairələrində narahatlıq NATO qırıcılarının Rusiya ilə birbaşa münaqişəyə girə bilməsi riskidir ki, bu da hər iki tərəfdən təyyarələrin hücuma məruz qalması və ya vurulması halında hərbi əməliyyatların təhlükəli şəkildə genişlənməsinə səbəb ola bilər”.