Suriyanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəməyən qüvvələr var Dünya

Suriyanın müstəqil dövlət kimi mövcudluğunu qəbul etmək istəməyən qüvvələr var

Bərbad gündə olan yaşayış məntəqələri, dağıdılmış evlər, yeraltı, yerüstü həbsxanalar, qəzəbli kütlə. Bütün bunlar Bəşər Əsəddən sonra qalan Suriyanın görüntüləri idi. Əsəd hakimiyyətinin sonu həm Suriya, həm də Yaxın Şərq üçün yeni bir dövrün başlanğıcı oldu.

Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

Onun sözlərinə görə, keçid dövrü üçün seçilmiş yeni prezident Əbu Məhəmməd Colani gerçəkdən dağıdılmış Suriya dövlətinin təməlini qoymağa başladı. Amma ötən həftə Suriyada baş verən toqquşmalar onu göstərir ki, bu ölkənin mövcudluğunu, müstəqil dövlət kimi inkişafını qəbul etmək istəməyən qüvvələr var:

"Bəşər Əsəd rejimi çökəndən sonra öz şələ-küləsini oradan yığışdırıb gedən Rusiya və İranın yenidən formalaşan, inkişaf hədəflərini müəyyən edən Suriyanı qəbul etməyəcəyi müşahidə olunur. Görünən odur ki, suriyalılarda illərdən bəri toplanmış və sıxılmış enerji ilə prezident taxtından qovulmuş Bəşər Əsəddin Suriyada heç bir sosial bazası olmayıb. Məhz belə məqamda Rusiya ənənələrinə sadiq qalaraq öz sözünü ikinci, üçüncü qüvvənin əli ilə, yəni İranın Suriyadakı tör-töküntülərinin vasitəsilə gerçəkləşdirdiyini ehtimal etmək olar".

Aydın məsələdir ki, həm Rusiya, İran, həm də ABŞ və İsrail Suriyanın Türkiyə ilə belə sıx əməkdaşlığını qəbul edə bilmirlər. Amma xarizmatik lider olan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriya strategiyasında zərgər dəqiqliyi ilə seçimi ölkəsi üçün əlverişli vəziyyət yarada bilib. Bu baxımdan regional güc olan qardaş Türkiyə Suriyada sabitliyin təmin olunmasında öz töhfəsini verəcəyinə ümid edirik. Digər tərəfdən Türkiyə ilə ikitərəfli münasibətlərini düzgün hesablamalar üzərində quran yeni prezident Əbu Məhəmməd Colani mediaya müsahibəsində vurğulayıb:”Bizim məqsədimiz sülh və əmin-amanlığı bərpa etməkdir. Biz, Suriyanın hər bir vətəndaşı üçün yeni bir başlanğıc təmin etmək niyyətindəyik”.

"Biz də sıravi Azərbaycan vətəndaşı olaraq Suriyada sabitliyin təmin olunmasını və bu ölkənin normal inkişafını görmək istəyirik. Çünki Suriyada Azərbaycan türkləri ilə xeyli bağlılığı olan qardaş türkmənlər yaşayır" - deyib o.

Cavid