Suriyanı qarışdıran gizli qüvvə... Dünya

Suriyanı qarışdıran gizli qüvvə...

Suriyada vəziyyət yenidən gərginləşib. Yayılan xəbərlərdə proses devrilmiş lider Bəşər Əsədə bağlı qüvvələrlə Əhməd əş-Şaraya sadiq yeni hökumət gücləri arasında döyüşlər kimi təqdim edilir, lakin məsələ bir qədər fərqlidir.
Hər şeydən öncə ələvi və nusayrilərin Əsədin devrilmə prosesində susub, o ölkədən qaçandan aylar sonra hərəkətə keçməsi məntiqsiz görünür.
Ələvilərin gec-tez Suriyada muxtariyyət, hətta müstəqillik iddiası ilə çıxış etməsi gözlənilirdi. Onsuz da Suriyada hakimiyyət dəyişikliyi fonunda ölkədəki ələvilər ciddi narahatlıq içində idilər. Ələvilərdən fərqli olaraq nusayrilər Əsəd ailəsinin ən sadiq tərəfdarları olub. Rejimin devrilməsi və Suriyanın yeni lideri Əhməd əş-Şaranın hakimiyyətə gəlməsi fonunda ələvi-nusayrilərin hədəfə gəlməsi an məsələsi idi.


Əslində, bunun ən təməl səbəbi əş-Şaranın radikal keçmişi ilə bağlıdır. İŞİD-in Yaxın Şərqdə yaratdığı qorxu və etdiyi qətliamlar, Əş-Şaranın bir dövr yollarının bu terror təşkilatı ilə kəsişməsi ələvi-nusayriləri narahat edirdi. Şara yeni konstitusiyada etnik və dini azlıqların hüquqlarının tanınacağını desə də, ələvilər buna inanmır.
Əş-Şaranı hərəkətə keçirən əsas məsələ isə bu ilin fevralında türkmənlər, kürdlər və ərəblərdən ibarət Suriya ələvilərinin ölkənin qərbindəki Uqarit bölgəsində muxtariyyət elan etməsi oldu. Ələvilərin muxtariyyət elan etdiyi Uqarit bölgəsi Suriyanın Latakiya və Tartus vilayətlərini əhatə edir. Bu vilayətlər strateji baxımdan çox mühümdür, çünki Suriyanın Aralıq dənizinə çıxışını təmin edir. Yəni Uqarit bölgəsinin muxtar olması Suriyanın Aralıq dənizinə çıxışını bloklaya bilər.
İndiki məqamda əsas sual isə ələviləri üsyana kimin sövq etməsidir. Əslində bir çox yerli-xarici ekspert Rusiya-İran faktorunu qabardır. Xüsusilə İranın ələvi qiyamının pərdəarxasındakı ölkə olduğunu iddia edir. Bu iddianı əsaslandıranların arqumenti isə dekabrın sonlarında Türkiyə xarici işlər naziri Hakan Fidanın Dəməşqə ilk səfərində İranın ali rəhbəri Əli Xameneinin Suriya gənclərini “ayağa qalxmağa” çağırmasıdır.


İran ali rəhbərinin ələvilər üzərində nüfuzu yoxdur. Ümumiyyətlə, ələvilik şiəlikdən gəlsə də, xeyli fərqləri var. Bu mənada İrandan çox prosesin pərdəarxasında İsrailin olması daha realdır. Bunu ələvi qiyamının başladığı vaxt da təsdiq edir.
Qiyam yeni hökumətin cənubda druzi, şərqdə isə kürd separatizmi arasında sıxışdığı bir vaxtda başlayıb. Proses sabiq rejimlə yeni rejim arasındakı güc və sərvət mübarizəsi kimi görünsə də, regional dinamika daha çox diqqət çəkir.
İsrail regionun siyasi xəritəsini öz maraqları çərçivəsində tərtib etmək istəyir. Bu prosesi Qəzzada HƏMAS, Livanın cənubunda “Hizbullah”la mübarizə fonunda açıq-aydın gördük. Sıra Suriyadadır. Qeyd etdiyim kimi, İsrail Suriyanı zəiflətmək üçün cənubda druzi, şərqdə kürd, şimal-qərbdə isə ələviləri ayaqlandırır. Təl-Əvivin Suriyanı parçalayıb, ya da sırf zəiflətmək üçün belə bir plan irəli sürdüyünü zaman göstərəcək. Proses Suriya üçün heç də xoş deyil.

Politoloq Turan Rzayev