

Ukrayna Prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman Al Səud ilə görüşüb. Tərəflər Ukraynada müharibəyə son qoya biləcək, sülhü etibarlı və uzunömürlü edə biləcək addımları, şərtləri müzakirə ediblər.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “Telegram” səhifəsində məlumat verib.
Zelenski qeyd edib ki, tərəflər gündəlikdəki bütün əsas məsələləri - həm ikitərəfli, həm də digər tərəfdaşlarla müzakirə ediblər. Prezident vurğulayıb ki, Səudiyyə Ərəbistanı diplomatiya üçün çox mühüm platforma təqdim edir.
Dövlət başçısı, həmçinin əlavə edib ki, Ukrayna komandası ABŞ komandası ilə işləmək üçün Ciddədə qalacaq. İclas bu gün, martın 11-də baş tutacaq.
Bundan əlavə, Ukrayna dövlətinin başçısı Səudiyyə Ərəbistanı vəliəhdindən Ukraynanın gələcəyinə inam sözləri eşitməyin Ukrayna üçün vacib olduğunu bildirib.