
“Ermənistanın məqsədi iddialarına “əsaslar” yaratmaqdır”
20 Mart 10:05
Yaxın Şərqdə vəziyyət yenidən gərginləşir. Qəzza ilə bağlı atəşkəsin aradan qaldırılması, eyni zamanda Suriya-Livan sərhəddində Suriya ordusu ilə Hizbullah arasında toqquşmaların baş verməsi Yaxın Şərqi yenidən diqqət mərkəzinə çevirib. Livan-Suriya münasibətlərinin pisləşməsi Yaxın Şərqdə növbəti münaqişə ocağına səbəb olacağı ehtimalını artırır.
Məsələ ilə bağlı mütəxəssislər fikirlərini “Xalq Cəbhəsi”nə bölüşüblər.
Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu bildirib ki, ABŞ ordusunun Yəməni bombalaması, son iki gündür Livan-Suriya sərhədində baş verənlər Yaxın Şərqdə İrana qarşı əməliyyatdır: “Daha əvvəl də məlum idi ki, bu əməliyyatı başladacaqlar. Suriyada Bəşər Əsədin devrilməsi Yaxın Şərqdə İranın "müqavimət cəbhəsi" oxuna zərbə idi. Suriyadan sonra hədəf Livan idi. Məhəmməd bin Salman xəbər göndərdi ki, Livana maliyyə yardımı ancaq Hizbullah silahsızlaşdırılsa edəcək. Ona görə də yeni hökumət bəyannaməsində ilk dəfə Fələstin müqaviməti ifadəsi salınmadı. Amma hələlik Hizbullahın silahlı gücündən ehtiyat etdikləri üçün Taif razılaşmasından imtina məsələsini qoya bilmirlər. Lakin sırada o da var. Son hadisələr, yəni Livan-Suriya sərhədində baş verən toqquşmalar Səudiyyə Ərəbistanının Livan planını pozur. Çünki ABŞ-nin dəstəyi ilə Livan və Suriyanı Səudiyyə Ərəbistanı götürməli idi. Suriyanın yeni hakimiyyəti isə Türkiyə-Qətər ittifaqı ilə Səudiyyə-BƏƏ birliyi arasında manevr etməyə çalışır”.
“İranın nüvə mövzusu yenidən danışıqlar masasına qayıdacaq”
K.Rövşənoğlu qeyd edib ki, sırada qalan iki ölkə Yəmən və İraq var: “İraqda proses çoxdan başlayıb, amma İraqda Nəcəf üləması və əhalinin çoxluğunun şiə olması problem yaradır. Bağdad Vaşinqtonun Həşd-Şabi tələbini rədd etdi. Yəmən isə nisbətən uzaqdır, ona görə də indi Yəmənə ağırlıq qoyulur. Amma Yəmən mövzusu daha mürəkkəbdir. Çünki Yəmənə quru əməliyyatı üçün Vaşinqton hazır deyil, risklər var. Səudiyyə Ərəbistanı koalisiyası isə 8 il quru əməliyyatında uğur qazana bilmədi. İkincisi, Yəməndə təkcə İran maraqları yoxdur, həm də Çin və Rusiya var. Xüsusən də Çin. Çünki husilər faktiki olaraq dünya ticarət yüklərinin böyük hissəsinin keçdiyi Bab əl-Məndəbə nəzarət edir. Yeri gəlmişkən, Çin xaricdə ilk dəniz bazasını 2015-ci ildə Yəmən sahilləri ilə üzbəüz Cibutidə qurub. Güman ki, Tramp hesab edir ki, proxiləri sıradan çıxardıqdan sonra Tehranı masaya daha rahat dəvət edəcək. Çünki bilindiyi kimi, Vaşinqtonun İranla bağlı əsas şərti nüvə silahı ilə yanaşı Yaxın Şərqdəki "proxyləri", ya da başqa sözlə, Müqavimət oxu idi. Amma husilər sərt "qabıqdırlar". Vaşinqton orda xeyli "yorulacaq", ərəblər isə "tərləyəcək", çünki biznesmen Trampın cibindən Yəmənə bir bomba atacağına inanmıram”.
Araşdırmaçı-jurnalist ciddi hadisə olmasa İran nüvə mövzusunun yenidən danışıqlar masasına qayıdacağına güman etdiyini deyərək əlavə edib ki, Suriyada isə hələ bir müddət qarışıqlıq davam edəcək.
“Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır”
Politoloq Oqtay Qasımov qeyd edib ki, Suriyada hakimiyyət dəyişəndən sonra Livan-Suriya münasibətlərində də müəyyən problemlərin olacağı bəlli idi: “Belə ki, uzun zaman hər iki dövlət bu və ya digər formada İranın təsiri altında idi. Həm Bəşər Əsəd rejimi, eyni zamanda, Livandakı Hizbullah qruplaşması İranın əsas müttəfiqləri rolunda çıxış edirdilər. Təbii ki, Suriyada rejim dəyişəndən sonra Hizbullah təşkilatı özünün İran ilə logistik dəstəyinin quru yollarla kəsilməsindən kifayət qədər narahatlıq keçirirdi. İran da Suriyadakı yeni hakimiyyətlə münasibətləri normal olmadığından bu hakimiyyətin devrilməsi üçün özünün proksi qüvvələrindən istifadə etməyə çalışıb. Latakiya, Tartus bölgələrində Bəşər Əsəd rejiminin qalıqlarının qiyama qalxması bölgədə vəziyyəti kəskinləşdirsə də, lakin Suriya hakimiyyəti qısa vaxt ərzində bu ərazilərdə vəziyyəti nəzarətə götürdü”.
“Bu gərginliklər irimiqyaslı toqquşmaya çevrilməyəcək”
O.Qasımov əlavə edib ki, zaman-zaman Livanla sərhədlərdə Hizbullah qruplaşmasına aid olan hərbi birləşmələrlə Suriya hakimiyyət qüvvələri arasında müəyyən toqquşmalar baş verməkdə idi: “Düşünürəm ki, bu insident bir müddət də davam edəcək. Amma Türkiyənin hazırda həm Suriya hakimiyyəti, həm də Livan hakimiyyəti ilə yaxın münasibətləri var və Türkiyə bölgədə vəziyyətin gərginləşməsinə imkan verməməkdə qərarlıdır. Düşünürəm ki, bu gərginliklər hansısa irimiqyaslı bir toqquşmaya çevrilməyəcək. Çünki Suriya ilə Livanın uzun müddətdən bəri çox yaxın qonşuluq və yaxşı münasibətləri olub. Yəqin ki, bu münasibətlər bundan sonra da davam etdiriləcək. Sadəcə olaraq normallaşma prosesinə əngəl olacaq əsas qüvvə Hizbullah qruplaşmasıdır. O, son dövrlər ərzində xeyli zəiflədilsə də, amma hələ də kifayət qədər ciddi gücü var və Livan ordusu nə qədər ki, öz ərazisində vəziyyətə tam şəkildə nəzarət etməyəcək və Livandakı silahlar Livan ordusunun əlində cəmləşməyəcək, təbii ki, o zaman İrana bağlı Hizbullah və digər qruplaşmalar bölgədə vəziyyəti gərginləşdirməyə cəhdlər edəcək”.
“Proseslər getdikcə daha kəskin hal alır”
Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu Suriya-Livan sərhədində baş verənlərin artıq bir neçə həftədir ki, zaman-zaman dünya gündəminin əsas müzakirə mövzusuna çevrildiyini bildirərək əlavə edib ki, qarşı duran tərəflərdən biri Suriyada yeni qurulan hökumət, digəri isə Livanda ciddi strateji gücə və təsir imkanlarına malik, İranın dəstəklədiyi Hizbullahdır: “Proseslər getdikcə daha kəskin hal alır. Suriyanın yeni hökuməti devirdiyi Əsəd rejiminə tam dəstək verən Hizbullahı (yəni, dolayısı ilə İranı) sərhədlərindən uzaqlaşdırmaq niyyətini bildirir. Hizbullah isə Suriyanın yeni hökuməti ilə münasibətlərində düşmən mövqedə durmayacağını iddia edir. Bununla belə gərginlik, hətta silahlı toqquşmalar səviyyəsində davam etməkdədir”.
“Bu, həm daxili, həm də xarici faktorlarla əlaqəlidir”
V.Zifəroğlu əlavə edib ki, bu mənada hazırda sərhəddə yaşananlar həm daxili, həm də xarici faktorlarla əlaqəlidir: “Suriyada hakimiyyət dəyişikliyi Livana da təsirini göstərir. Tarixən hər iki ölkənin biri-birilərinə münasibətdə qarşılıqlı iddia və gərginliklərə İranın Suriyadan sıxışdırılaraq çıxarılması, bununla da regionda yeni gərginliyin yaradılmasında maraqlı tərəf kimi çıxış etməsi faktoru da əlavə edilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, regionda yaranmış yeni düzən ABŞ və Qərb koalisiyasının Livandakı maraqlarına uyğundur. Koalisiya Hizbullah və HƏMAS-ın məğlubiyyəti, HƏMAS ilə son atəşkəs prosesi və Suriyada rejim dəyişikliyi ilə Livanda tarixi fürsətdən istifadə etmək niyyətindədirlər”.
Röya İsrafilova