Ölümlə nəticələnən qəzaya görə həbsdə olan məşhur Rusiya aktyoru azadlığa buraxılacaq Dünya

Ölümlə nəticələnən qəzaya görə həbsdə olan məşhur Rusiya aktyoru azadlığa buraxılacaq

2020-ci ildə ölümlə nəticələnən avtomobil qəzası törətməkdə ittiham olunaraq 8 il müddətinə azadlıqdan məhrum edilən rusiyalı məşhur aktyor Mixail Yefremov vaxtından əvvəl azadlığa buraxılacaq.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu gün Belqorod məhkəməsi aktyorun vaxtından əvvəl şərti azadlığa buraxılması ilə bağlı müraciətinə baxıb. Yefremovun müraciəti təmin olunub.

Qeyd edək ki, 2020-ci ilin iyun ayında M. Yefremov Moskvanın “Sadovoe koltso” ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə ittiham olunub. İttihama görə, aktyorun idarə etdiyi "Jeep Grand Cherokee” markalı avtomobil qarşı zolağa çıxaraq “Lada” markalı avtomobillə toqquşub. Nəticədə “Lada”nın sürücüsü kəllə-beyin travması alaraq ölüb. Ekspertiza aktyorun sərxoş olduğunu müəyyənləşdirib.

Moskvanın Presnenskiy Rayon Məhkəməsi içkili vəziyyətdə insan tələfatı ilə nəticələnən yol-nəqliyyat hadisəsi törədən məşhur aktyor barəsində 8 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarıb.

M. Yefermovun vəkili azərbaycanlı Elman Paşayev olub. E.Paşayev məhkəmədə aktyorun sükan arxasında olmaması barədə dəfələrlə vəsatət qaldırsa, şahidin olduğunu bildirsə də, məhkəmə vəsatəti təmin etməyib.