“Suriyada suların durulacağını demək çətin məsələdir” Dünya

“Suriyada suların durulacağını demək çətin məsələdir”

“ABŞ və Böyük Britaniya Suriyadakı vətəndaşlarını Suriyanı təcili olaraq tərk etməyə çağırıb. Əslində ABŞ ilə Böyük Britaniya belə bir açıqlama verirsə, bunun arxasında bir məsələ dayanmış olur. Daha dəqiq desək, vəziyyətin qarışıq olduğu bir prosesin öncəsində verilən bir açıqlama olur. Məncə, Suriyada indiki Şara hökumətinə qarşı müəyyən bir narazılıqlar var, amma bunun daxili narazılıq kimi dəyərləndirilməsi çox da real görünmür”.

Bunu sözləri xalqcəbhəsi.az-a açıqlamasında politoloq Samir Hümbətov deyib.

Politoloq əlavə edib ki, nə Rusiya, nə də İran Şara hökumətinin varlığını qəbul etmək istəmir: “Eyni zamanda, məlum məsələdir ki, ABŞ-nin dəstək verdiyi YPG/PYD qüvvələri orada Suriya ordusuna qarışmaqla bağlı hər nə qədər müqavilə imzalasalar da, amma bir o qədər rahatlıqla bunu etmək istəmirlər. İsrail ilə sərhəddə isə dürzilərin hökumətə qarşı bir narazılığı var. Hətta nə qədər Şara hökuməti yeni kabinetdə dürzilərə, kürdlərə və digərlərinə yer versə də, amma görünən odur ki, bir narazılıq və narahatlıq var. Məncə, süni şəkildə Əsəd qüvvələrindən də hələki qalanlar var. Həmçinin daha qatı şiə qrupları da orada ciddi narazılıq və narahatlıq yaradır. Düşünürəm ki, bu kimi gərginliklər ola bilər. Ya da görünür ki, ABŞ-nin və Böyük Britaniyanın özünəməxsus bir planı var. Onun üzərindən də gedə bilərlər”.

S.Hümbətov həmçinin qeyd edib ki, ancaq hər vəziyyətdə Suriyada uzun müddət hələ suların durulacağını demək bir az çətin məsələdir: “Yəni adından da göründüyü kimi bu, müvəqqəti hökumətdir. Orada uzun müddət konstitusiya islahatları keçirilməli, yeni strukturlar formalaşdırılmalı, Suriyanın neft gəlirləri formalaşıb büdcəyə gəlməli, daxildə hələ də qalmış silahlı qruplaşmalar tərk-silah edilib Suriya qoşunlarına birləşdirilməlidir və s. Bunlar olandan sonra o məsələ də həll oluna bilər. Amma hələki o da həll olunmur. Görünür ki, bu proses bir müddət davam edəcək. ABŞ və Böyük Britaniyanın da öz vətəndaşlarına xəbər etməsinin arxasında bu məsələnin dayandığını düşünürəm”.

Röya İsrafilova