

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Gürcüstandakı vəziyyətlə bağlı debat olacaq.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, debatda AŞPA tərəfindən Gürcüstan nümayəndə heyətinin mandatının ratifikasiyasına dair qətnamə ilə bağlı gələcək tədbirlər müzakirə olunacaq.
Xatırladaq ki, bu il yanvarın 29-da AŞPA Gürcüstanda yeni seçkilərin keçirilməsini tələb edən qətnamə qəbul edib. AŞPA Gürcüstan hakimiyyətini bu ötən ilin oktyabrında keçirilmiş parlament seçkiləri zamanı müşahidə olunan çatışmazlıqları və pozuntuları təcili aradan qaldırması üçün bütün maraqlı tərəfləri və sosial aktorları, o cümlədən iqtidar çoxluğu, müxalifət və vətəndaş cəmiyyətini əhatə edən inklüziv prosesə dərhal başlamağa, həmçinin demokratik mühitdə yeni parlament seçkilərinin keçirilməsi üçün lazımi şəraiti yaratmağa çağırıb. AŞPA-nın qətnaməsindən sonra Gürcüstan nümayəndə heyəti AŞPA-da fəaliyyətini dayandırıb.
Qeyd edək ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası aprelin 7-11-də Strasburqda keçiriləcək.