ABŞ-İran danışıqları: Uğursuzluq müharibəyə yol aça bilər Dünya

ABŞ-İran danışıqları: Uğursuzluq müharibəyə yol aça bilər

ABŞ-İran münasiətləri getdikcə gərginləşir. Tərəflər birbaşa danışıqlardan müxtəlif bəhanə və vasitələrlə yayınırlar. Yalnız hədə-qorxular, ultimatumlarla yanaşı ziddiyyətli məlumatlar da səslənir. Bir tərəfdən deyilir ki, İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşündə ABŞ Prezidenti Donald Tramp İranla birbaşa danışıqların başladığını bildirib.
ABŞ lideri Donald Tramp İsrail Baş naziri Benyamin Netanyahu ilə Ağ Evdə görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib ki, Vaşinqton-Tehran danışıqlarının mümkün uğursuzluğu İran üçün çox pis gün olacaq.
Onu da qeyd edək ki, İran bundan öncə ABŞ-ın “etibarsız” olduğunu bildirərək, birbaşa danışıqlardan imtina etmiş, yalnız dolayı müzakirələrə hazır olduğunu bildirmişdi.
İran tərəfi isə danışıqların birbaşa deyil, vasitəçi ölkə - Oman vasitəsilə aparılacağını qeyd edib.
İranın xarici işlər naziri Abbas Arakçi İran və ABŞ arasında dolayı danışıqların vaxtını açıqlayıb. İranın xarici işlər naziri özünün X sosial media hesabından paylaşdığı mesajda "İran və ABŞ yüksək səviyyəli dolayı danışıqlar üçün şənbə günü Omanda görüşəcək", - deyə yazıb.
Arakçi "bu bir fürsət olduğu qədər də bir sınaqdır. İndi top ABŞ-ın meydanındadır", - qeyd edib.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən keçirdiyi mətbuat konfransında təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı Vaşinqtonun qərarını gözlədiklərini açıqlayıb.
Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu söyləyib.
Bu arada İordaniyanın “Əl-Təğyir” telekanalı məlumat yayıb ki, gələn həftə İrana hücum ehtimalı yüksəkdir və qarşıdakı yeddi gün ərzində İrana qarşı müharibə başlayacaq, İsrail əməliyyatın başlaması üçün vaxt təyin edib.
“Məqsəd Tehran rejimini devirməkdir və bu rejimə son qoymaq üçün maksimum müddət 90 gün müəyyən edilib”, - telekanal əlavə edib.
Bildirilib ki, Birləşmiş Krallıq aviasiya və dəniz qüvvələri dəstəyi ilə hücumda iştirak edəcək.
Bununla yanaşı Amerika qüvvələrinin komandanı Maykl Korillanın hazırda İsraildə olduğu və hücuma rəhbərlik etmək üçün əməliyyat otağı yaratdığı qeyd olunub.
İran ordusunun Baş Qərargah rəisi general-mayor Məhəmməd Bagiri isə deyib ki,
İran istənilən təhlükəyə bütün gücü ilə cavab verməyə tam hazırdır.
“Bütün səylərimiz çəkindirmə, effektiv müdafiə, davamlı təhlükəsizlik, sabitlik və sülhə yönəldilməlidir”, - o vurğulayıb.
Bagiri qeyd edib ki, İran regionda sülh və təhlükəsizliyin bərqərar olmasına çalışır.
Qeyd edək ki, ABŞ lideri Tramp İranın nüvə sazişindən imtina edəcəyi halda bombardmanla hədələyib. İran isə birbaşa deyil, dolayı danışıqlara hazır olduğunu bildirib.
Mövzu ilə bağlı qəzetimizə açıqlama verən politoloq Vüqar Dadaşov deyib ki, Donald Trampın İranı vuracağı ilə hədəlıməsinə ciddi yanaşmaq olmaz. Əlbəttə ki, tam miqyası hücum əməliyatından heç söhbət də gedə bilməz. Bu günə kimi, onsuz da İranın nüvə obyektlərinə zərbələr endirilib. Əvvəla, İranın imkanları ABŞ üçün hələ də tam aydın deyil və hansı səbəbdən də İrana nüvə sazişi üçün iki ay vaxt verilir ki?! Donald Tramp ilk növbədə İsrail maraqlarından çıxış edir və İsrailin İrandan vurulma ehtimalı ciddi hesab olunur. Bəli, İranda hərbi obyektlərin vurulma ehtimalı yüksəkdir, ancaq bu zərbələr sarsıdıcı səviyyədə endirilməyəcək. İranın vurulmamasında maraqlı olan Qərbdə bəzi təsirli qüvvələr var: “Donald Trampın Avropa İttifaqına və NATO müttəfiqlərinə qarşı siyasətindən Türkiyənin rolu Avropanın həm hərbi və enerji təhlükəsizliyi baxımdan çox artıb. İranın vurulmasından sonra Türkiyə regionun mütləq söz sahibinə çevrilir. İran isə bu məsələdə Qərbdə bəzi qüvvələrin işinə yarıyır. Təsadüfi deyil ki, İranın Ali rəhbəri Əli Xamenei İranın vurulmaq ehtimalına etdiyi xəbərdarlığını Türkiyə də aid edib. Bu günlərdə ABŞ-da Netanyahu Tramp görünün əsas mövzusu İrandır”.
Onun sözlərinə görə, Suriyada Bəşər Əsəd rejiminin devrilməsində sonra, Türkiyə ilə İsrailin maraqları hərb müstəviyə keçəcək səviyyədə toqquşur hərçənd ki, Suriya Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə, ABŞ və İsrailin birgə iştirakı deyilir. Ancaq bu iki dövlətin hərbi toqquşması mümkün deyil. Qənaət belədir ki, əgər İran əhəmiyyətli dərəcədə zəiflədilirsə, paralel Türkiyə də zəifləməlidir ki, Türkiyə regionda mütləq hakim olmasın. Bu yanaşma köhnəlmiş olsa da xüsusən də Trampdan sonra, bəzi Qərb ölkələri üçün şüuraltı düşüncə formasını aldığından masadan götürülməyib: “Digər tərəfdən, ABŞ - da son hələ prezident seçkiləri prosesində dəfələrlə qeyd etmişəm ki, Donald Trampa qarşı impiçment qaçılmazdır. Onun prezidenti səlahiyyətlərinə başladığı andan qeyri adekvat, qeyri diplomatik davranışları, həmçinin ABŞ iqtisadi maraqları üçün təhlükəli gedişləri, hətta komandası daxilində ciddi fikir ayrılığı Trampın impiçmentini daha da tezləşdirir. Artıq məlumat var ABŞ-da Trampın impiçmenti proseduru başladılıb. Ümümiyyətlə Trampın idarəçiliyi və Rusiya ilə ehtimal edilən əlaqələri, onun mümkün bütün variantlarla hakimiyətdən uzaqlaşdırılmasını mütləq zərurətə çevirir nəinki arzuladığı üçüncü prezidentlik.
Trampın impiçmenti məsələsi də, onun İranla bağlı planlarını da mane ola bilər.
İranın Rusiya, Çinlə dərinləşən münasibətləri də Trampın dediyi İranın "ağır vurulacağı"na mane olan amillərdəndir. Bu arada İran prezidenti Masud Pezeşkianın Azərbaycana gözlənilən səfəri "xahiş" mahiyyəti daşıyır. Azərbaycanın İsraillə münasibəti İrana xilas üçün kömək edə bilər”.
Politoloq Elşən Manafov isə deyib ki, ABŞ-in İranın nüvə çalşmalarından imtina etməsi ilə bağlı məlum mövqeyi beynəlxalq hüquqa ziddir, zira İran beynəlxalq hüququn subyekti olan müstəqil dövlət kimi digər dövlətlərlə yanaşı nüvə enerjisindən dinc məqsədlərlə istifadə hüququna malikdir. Digər tərəfdən İran illərdir ki, nüvə çalışmaları ilə bağlı tədqiqatlarını MAQATE ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirir, bununla bağlı öz üzərinə götürdüyü öhdəliklərə ciddi şəkildə riayət edir və bu fakt MAQATE-nin hesabatlarında dəfələrlə öz əksini tapıb: “ABŞ-ı narahat edən başlıca amil İranın nüvə silahına yaxın perspektivdə yiyəlnə biləcəyi ilə bağlı məsələlərdir, zira İran ABŞ-ın regionda yeni dünya nizamı ilə bağlı maraqlarına qarşı çıxdığından, üstəlik İsraili regionda sülh və sabitlik üçün başlıca təhlükə mənbəyi bildiyindən ABŞ həm regionda özünün həyati maraqları, həm də, müttəfiqi İsrailin təhlükəsizliyi üçün narahat olduğundan nüvə danışıqları mövzusu ilə İranı çıxdaş etməyə, onu Ag evin diqtə etdiyi oyun qaydalarını qəbul etməyə, İranın proiksi qüvvələr vasitəsilə regiona olan təsir imkanlarını zəiflətməyə çalışır. İranın Vaşinqtonun tələbləri qarşısında güzəştə getməkdən imtina etməsi, onunla birbaşa danışıqlardan yayınması vəziyyəti daha da, agırlaşdırır. ABŞ kəşfiyyatı İranda nüvə silahının olmaması barədə məlumatları Ag evə çatdırıb, bununla belə İranın strateji hücum silahları ilə ABŞ-ın regiondakı hərbi bazalarına, habelə, perspektivdə İsrailə endirə biləcəyi zərbələr Tramp iqtıdarını düşündürür və narahat edir. İranın Rusiya və Çinlə son vaxtlar güclənən hərbi texniki əməkdaşlığı, birgə hərbi dəniz təlimlərinin keçirilməsi, bu ilin yanvarında Rusiya ilə hərbi əməkdaşlıq barədə imzalanan müqavilə, nəhayət ABŞ-dan olan təzyiqlərlə bağlı aprelin 7-8-də Moskvada baş tutmuş Rusiya-İran-Çin danışıqları göstərir ki, İran mövzusu geosiyasi qütbləşmənin əks tərəflərində qərar tutmuş güclər üçün geosiyasi anlamda ən həssas mövzuya çevrilib və İrana olan hər hansı bir hücuma bəlli tərəflər biğanə qalmayacaqlar. Suriyada Əsəd rejiminin devrilməsindən sonra İranın ABŞ-la münasibətlərində gərginliyin artması, Ag evin Yəməndə husilərin mövqelərini bombalaması konteksində daha da, kəskinləşib”.
E.Manafovun sözlərinə görə, ABŞ gözəl başa düşür ki, İrana olacaq hücum islam dünyasında xüsusi rezonans doğurmaqla regionu olduqca arzuolunmaz bir eskalasiya qovşağına çevirəcək, üstəlik dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə yüksəlişinə səbəb olacaq, bu isə Trampın dünya bazarında neft qiymətlərinin 50 dollar aşağı düşməyəcəyi ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir.
İranın ayrı-ayrı şəhərlərinin ABŞ tərəfindən bombardman edilə biləcəyi ilə bağlı məsələlərə gəlincə, bütün bunlar regionda humanitar fəlakətin yaşanmasına gətirib çıxara bilər ki, İranla həmsərhəd olan region dövləti kimi bu Azərbaycana yüz minlərlə soydaşımızın köçunə səbəb ola bilər ki, bu da Azərbaycanda sosial gərginliyin yüksəlişinə gətirib çıxara bilər: “Azərbaycan region dövləti olaraq, İranla ortaq dəyərlərə və ümumi tarixi tale birliyinə malik dövlət kimi hadisələrin bu yönumdə getməsinin qarşısını almaq üçün ciddi imkanlara malik tərəf kimi özünün vasitəçilik imkanlarlnı ortalığa qoyaraq, regionda təhlükəsizliyin qorunub saxlanılması üçün səylərini gücləndirə bilər və şübhəsiz ki, İran prezidentinin Bakıya səfəri zamanı regional təhlükəsizliklə bağlı problemlər danışıqların müzakirə predmeti olacaq”.

Cavid