Novruzla bağlı qanun layihəsi rəsmən Türkiyə parlamentində Dünya

Novruzla bağlı qanun layihəsi rəsmən Türkiyə parlamentində

Türkiyə Böyük Millət Məclisinə (TBMM) Novruz bayramı ilə əlaqədar martın 21-nin rəsmi qeyri-iş günü elan edilməsi ilə bağlı qanun layihəsi təqdim olunub.

Xalqcebhesi.az xəbər verir ki, normativ aktın təşəbbüskarı hakim Ədalət və İnkişaf Partiyasının İstanbuldan olan deputatı Sərkan Bayramdır.

Qanun layihəsi ilə bağlı Ankarada keçirdiyi brifinqdə S.Bayram bildirib ki, martın 21-i gecə ilə gündüzün bərabərləşdiyi astronomik tarix olan yaz bərabərliyi günüdür.

“Bu gün dünyanın bir çox ölkəsində, o cümlədən türk dövlətlərində Novruz bayramı geniş şəkildə qeyd edilir. Bu bayram yeni günün, təbiətin dirçəlişini simvolizə edir. Novruz həm də birlik və qardaşlıq rəmzidir. Türklər üçün Novruz Ərgənəkon dastanına bərabərdir”, - deputat bildirib.

S.Bayram deyib ki, Türkiyə Böyük Millət Məclisinin deputatı və BMT-nin sülh elçisi kimi martın 21-nin Türkiyədə rəsmi qeyri-iş günü elan olunmasını parlamentə təklif edib.