İranda tanınmış ruhani həbs olundu: İsrailə dəstək... - Video Dünya

İranda tanınmış ruhani həbs olundu: İsrailə dəstək... - Video

İranda nüfuzlu ruhani Ayətullah Məhəmməd Cavad Mühəqqiq Yəzdi İsrailə dəstək ittihamı ilə həbs olunub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Azad İran" Yutub kanalında yayımlanan növbəti videosüjetdə qeyd olunub.

Bildirilib ki, İranda mövcud hakimiyyətin və onun rəhbərinin ünvanına vaxtaşırı kəskin tənqidlər səsləndirən Ayətullah Yəzdi barəsində ruhanilər üçün xüsusi məhkəmədə aparılan araşdırma ötən həftə başa çatıb.

O, çıxarılan hökmün icra olunmasından ötrü həbsxanaya çağırılıb. Məşhur mərceyi-təqlid Mirzə Cavad Təbrizinin tələbələrindən olan və Qumda müdərris, tədqiqatçı, vaiz kimi fəaliyyət göstərən Ayətullah Yəzdi bu barədə özü məlumat verib.

O, aprelin 9-da şəxsi Teleqram kanalında izləyicilərinə müraciət edib:

"Möminlərin dönə-dönə verdikləri sualın cavabında bildirirəm: bir neçə gün əvvəl Qum Xüsusi Məhkəməsinin 5-ci şöbəsindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, sizin mühakimə edilməyinizlə bağlı ilkin hökmlər olduğu kimi təsdiqlənib və qətiləşib, işi hökmlərin icrasına yönəldəcəyik, onlar da sizinlə əlaqə saxlayacaqlar. Bu gün həmin nömrədən mənə zəng vurub dedilər ki, hökmləri icra edirik, sabah saat 9-da burada olun. Ona görə həbs cəzasını çəkmək üçün əziz izləyicilərin xidmətindən mürəxxəs oluram və hamını Allaha tapşırıram. Məlumat üçün mənə verilən ittihamları və çıxarılan hökmləri qeyd edirəm: İsraili dəstəkləmək ittihamı ilə dörd il, mövcud quruluş əleyhinə təbliğat ittihamı ilə bir il, Xomeyni və Xameneini təhqir etmək ittihamı ilə iki il həbs. Eyni zamanda, məni ruhani libası geymək hüququndan həmişəlik məhrum ediblər. Buradan aydın olur ki, məşhur ruhani ümumilikdə 7 il həbs cəzasına məhkum edilib".