

Son günlər dünya iqtisadiyyatının əsas gündəmi ABŞ-nin xarici ticarət siyasətindəki dəyişikliklər, xüsusilə də tarif siyasətidir. Vaşinqton bir tərəfdən bəzi ölkələrə qarşı tətbiq etdiyi rüsumlarda güzəştlərə gedir, digər tərəfdən isə Çinə qarşı daha sərt xətt yürütməkdə davam edir. Bu fərqli yanaşma beynəlxalq münasibətlərdə yeni suallar doğurur: ABŞ-ın tarif siyasətinin əsas hədəfi Çin iqtisadiyyatını zəiflətməkdirmi?
Donald Trampın məqsədi
ABŞ-dan olan politoloq Piter Teyz APA-ya açıqlamasında bildirib ki, Tramp Administrasiyası milli iqtisadiyyatı gücləndirmək məqsədilə Avropa İttifaqı, Çin Xalq Respublikası və digər qlobal tərəfdaşlarla ticarətə məhdudiyyətlər qoymaq və tariflər tətbiq etmək meyli göstərir: “Çin və digər ticarət bloklarına qarşı davam edən tariflər qlobal iqtisadi mühitin daha da parçalanmasına gətirib çıxarır və ABŞ-ın qloballaşmadan, onun gətirdiyi üstünlüklərdən uzaqlaşmasına səbəb olur. Qloballaşma faktiki olaraq Donald Trampın 2017-ci ildə prezidentliyə başlaması ilə zəifləməyə başladı, 2025-ci ildə isə – Trampın ikinci prezidentlik müddətində – bu meyl davam edir. Vaşinqtonun Avropa İttifaqı və Pekinlə olan ticarət münasibətləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Məsələn, Avropa İttifaqı Çinə 249 milyard avro dəyərində məhsul ixrac, 416 milyard avro dəyərində mal idxal edir. 2024-cü ildə Aİ ABŞ-a 536 milyard avrodan çox dəyərində mal ixrac, əvəzində isə 464 milyard avrodan çox məhsul idxal edib. Avropa İttifaqı Tramp Administrasiyası ilə səmimi, ədalətli və səmərəli danışıqlar aparmaqda zəiflik və liderlik çatışmazlığı nümayiş etdirir. Vaşinqton isə həm Aİ, həm də Çinlə olan ticarət kəsirini azaltmağa çalışır”.
Amerikalı politoloq mövcud “tarif müharibəsi”nin ABŞ-ın əleyhinə işləməsi ehtimallarından da danışıb. O, Vaşinqtonun Pekin bazarından gələn təkliflərə “qapalı” olmasının ABŞ iqtisadiyyatına ciddi zərər vura biləcəyi faktını istisna etmir.
“Ticarət müharibəsi” tam gücü ilə davam edir. Ağ Ev Pekindən gələn və bərabərlik, hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan dialoqun aparılması təkliflərini rədd etməməlidir. Prezident Trampın başladığı ticarət qarşıdurması qlobal bazarlarda qeyri-sabitliyə səbəb olub. Avropa və Asiya fond bazarlarında kəskin eniş müşahidə olunur və bu regionlar həm resessiya, həm də artan inflyasiya ilə mübarizə aparır. Pekinə qarşı tariflərin tətbiqi Amerika sənayesini qorumaya, yaxud əksinə, milli təhlükəsizliyi daha da zəiflədə bilər. Məsələn, Trampın ticarət tariflərinin əsas hədəfi olan Çin cavab olaraq öz şirkətlərinə “Boeing” təyyarələrinin alınmasını ikinci göstərişə qədər dayandırmağı tapşırıb ki, bu da ABŞ-ın qlobal ticarətdəki lider roluna zərər vura bilər. Bundan əlavə, Prezident Trampın Hindistan, Qazaxıstan, Avropa İttifaqı və bir sıra Afrika ölkələri kimi digər ticarət tərəfdaşlarına da oxşar tariflər tətbiq edəcəyi gözlənilir ki, bu da ticarət gərginliyini daha da artıracaq. Kaliforniya qubernatoru Qavin Nyusomun Tramp Administrasiyasına qarşı məhkəmə iddiası qaldıraraq prezidentin geniş miqyaslı tariflər tətbiq etmək səlahiyyətini mübahisələndirməsi cəsarətli addımdır. Lakin bu hərəkət Vaşinqtonla Sakramento arasında dialoqu daha da çətinləşdirərək təhlükəli uçurum yarada bilər”.
Rüsum siyasətinin Çinə təsiri
Çinli politoloq Çanq Şe APA-ya açıqlamasında qeyd edib ki, Amerika Birləşmiş Ştatlarının Çin idxalına tətbiq etdiyi rüsumların kəskin şəkildə artırılması, bəzilərinin 145%-ə qədər çatması iki nəhəng iqtisadi güc arasında rəqabətin yeni mərhələyə keçdiyini göstərir.
“Bu addım təkcə qısa müddətli iqtisadi təsirlərlə məhdudlaşmır, həm də qlobal ticarətin gələcəyinə dair dərin narahatlıqları gündəmə gətirir. Yüksək rüsumlar xüsusilə yüksək texnologiyalı və sənaye məhsullarında Çinin ixrac artımını yavaşlada bilər. ABŞ bazarında rəqabət qabiliyyətinin azalmasının çinli istehsalçılar üçün itkilərlə nəticələnməsi mümkündür. Pekin bu təsirləri yumşaltmaq üçün daxili stimullaşdırıcı tədbirlərə əl ata və alternativ bazarlar axtarmağa çalışa bilər. Ən önəmlisi isə bu prosesin uzunmüddətli nəticələridir. ABŞ-Çin ticarət qarşıdurması artıq sadə münaqişə deyil, struktur xarakteri alan iqtisadi ayrılma - “decoupling” mərhələsinə keçib. İki ölkə arasında iqtisadi əlaqələrin zəifləməsi, təchizat zəncirlərinin yenidən qurulmasına və iqtisadi blokların yaranmasına səbəb ola bilər. Bu dəyişikliklər qlobal ticarət sistemində parçalanma riskini artırır. Böyük iqtisadi güclər qarşılıqlı asılılığı minimuma endirməyə çalışarsa, bu, beynəlxalq əməkdaşlıq ruhuna zərbə vura, xüsusilə inkişaf etməkdə olan ölkələr üçün qeyri-müəyyənlik yarada bilər”.
Qlobal miqyasda güzəştlər və Çinə qarşı seçici yanaşma
ABŞ bir sıra ölkələrlə - xüsusilə Avropa İttifaqı, Kanada, Meksika və Cənubi Koreyaya tətbiq etdiyi rüsumlara dair müəyyən güzəştlər etməsinə baxmayaraq, dünya iqtisadiyyatında aparıcı rola malik Çinə münasibətdə qətiyyən güzəşt siyasəti yürütmür. Əksinə, Çindən idxal olunan məhsullara rüsumunu 145 faizə qaldırıb.
Çin böyük istehsalat gücü, ucuz əməyin mövcudluğu və texnoloji inkişafı ilə qlobal bazarda ciddi rəqabət yaradır. ABŞ Çinlə olan ticarət balansını ədalətli şəkildə tənzimləmək istəyir, buna görə də yüksək rüsumlar tətbiq edərək, Çinin qeyri-bərabər ticarət siyasətlərinə qarşı çıxmağa çalışır.
Çinin istehsal etdiyi məhsulların bir çoxu ABŞ bazarında ucuz qiymətə satılır, bu isə yerli istehsalçılar üçün təzyiq yaradır. Bundan əlavə, ABŞ Çinin intellektual mülkiyyət hüquqları ilə bağlı problemləri və məcburi transfer siyasətini də problem olaraq görür. Bu hallar ABŞ-ın Çinə qarşı sərt iqtisadi addımlar atmasına səbəb olur.
Piter Teyz deyir ki, Amerika Birləşmiş Ştatları Çinlə yalnız iqtisadi rəqabət aparmır, bu münasibətlər həm də geosiyasi və hərbi rəqabətə çevrilib.
“Çinin yüksələn təsiri, xüsusilə Asiya və Sakit Okean bölgəsində ABŞ-ın strateji maraqlarına böyük təhdid yaradır. Çinin "Böyük İpək Yolu" layihəsi yalnız iqtisadi məqsədlər güdmür, bu, həm də Pekinin beynəlxalq siyasətdəki mövqeyini gücləndirməyə yönəlmiş addımdır. Bu layihə Çinin ticarət əlaqələrini genişləndirməklə yanaşı, bir sıra ölkələrə siyasi təsirini artırmağa, infrastruktur və investisiya sahəsindəki nüfuzunu genişləndirməyə imkan verir. ABŞ isə bu təşəbbüsləri öz geopolitik üstünlüyünə birbaşa təhdid olaraq görür və buna qarşı mübarizə aparmağa çalışır.
Çinin dünya siyasətində daha çox söz sahibi olma istəyi ABŞ-ın hegemonluğunu zədələyir. Bu vəziyyət Çinlə ABŞ arasında ticarət və iqtisadi münaqişələrin yalnız iqtisadi rəqabətdən ibarət olmadığını göstərir; əslində, hər iki ölkə arasında gedən bu mübarizə, daha böyük geosiyasi hədəflərin mübarizəsidir. Çin artıq yalnız iqtisadi güc olmaqla kifayətlənmir, həm də beynəlxalq siyasətdəki təsirini artırmaq üçün strateji addımlar atır. Bu proses ABŞ üçün öz dünya liderliyini qorumaq məqsədilə daha sərt iqtisadi və diplomatik mövqelərin qəbul edilməsinə səbəb olur.
ABŞ Çinin artan təsirini azaltmaq və öz mövqeyini gücləndirmək üçün ticarət müharibələrindən, iqtisadi sanksiyalardan və siyasi təzyiqlərdən istifadə edir. Bu siyasət, həmçinin, digər ölkələrə, xüsusən də Asiya və Sakit Okean bölgəsindəki müttəfiqlərə, Çinlə əlaqələrin nə qədər riskli ola biləcəyini göstərməyi hədəfləyir. ABŞ-ın məqsədi dünya siyasətindəki üstünlüyünü qorumaq və Çinin artan nüfuzunun qarşısını almaqdır. Bu, yalnız iqtisadi deyil, həm də strateji baxımdan böyük əhəmiyyət kəsb edən mübarizədir”, - deyə o vurğulayıb.
Çinli ekspert Kanq Jie isə hesab edir ki, ABŞ-ın tətbiq etdiyi ticarət rüsumları və iqtisadi təzyiqlər Çinin iqtisadi müstəqilliyini və böyüməsini hədəf alan yanaşma kimi qiymətləndirilə bilər: “Çin, son illər dünya iqtisadiyyatında mühüm rol oynamağa başlayıb, xüsusilə texnologiya və istehsalat sahələrində güclənir. ABŞ-ın bu artan gücə qarşı müqaviməti Çinin iqtisadi inkişafını yavaşlatmağa yönəlmiş strategiya kimi görünür.
Çin özünün “Made in China 2025” kimi strateji planları ilə innovasiya və yüksək texnologiyalara yönəlib. Bu planlar çərçivəsində Çinin dünya bazarlarında texnoloji liderliyini artırması ABŞ-da narahatlıq doğurur. ABŞ-ın Çinə tətbiq etdiyi ticarət rüsumları bir tərəfdən Çin istehsalatını daha bahalı hala gətirərək rəqabətini zəiflətməyə çalışır, digər tərəfdən də Çinin texnoloji sahədə inkişafını əngəlləməyə yönəlib.
Çin bu təzyiqlərə qarşı müxtəlif strateji yanaşmalar tətbiq edir. Birincisi, öz daxili bazarını gücləndirməyə və öz istehsalını yerli bazarda daha rəqabətli etməyə çalışır. İkincisi, Çin hökuməti xarici bazarlarda daha çox ticarət sazişləri və iqtisadi əməkdaşlıqlar quraraq, ABŞ-ın təzyiqlərindən asılılığını azaldır.
Çin, həmçinin, hesab edir ki, ABŞ-ın ticarət siyasəti qlobal ticarət qaydalarına ziddir, siyasi motivasiyalarla həyata keçirilir. Çin ABŞ-ın beynəlxalq ticarət siyasətində daha ədalətli və açıq olmasını tələb edir, xüsusilə ticarət müharibəsinin daha çox mənfi nəticələrə səbəb olacağına inanır.
Nəticə olaraq, Çin üçün ABŞ-ın tətbiq etdiyi təzyiqlər həm iqtisadi, həm də siyasi meydanda ciddi sınaqdır. Bu təzyiqlərə qarşı Çin öz strateji hədəflərinə çatmaq üçün daxili və beynəlxalq səviyyədə tədbirlərini gücləndirməyə davam edir”.
Gözləntilər və nəticələr
Amerikalı politoloq Piter Teyz “ticarət müharibəsi”nin nəticələri barədə danışarkən vurğulayıb ki, Prezident Donald Trampın tətbiq etdiyi tarif siyasətinin ciddi kommersiya qarışıqlığına səbəb olmasına görə qlobal ticarət bu il kəskin azalacaq: “Bu qarışıqlıq, qlobal ticarətə ciddi zərər vuracaq və Vaşinqtonun geoiqtisadi mövqeyinə mənfi təsir edəcək. Çinə qarşı tariflərin kəskin artması ilə ABŞ-la Çin arasında ikitərəfli əlaqələrdə əhəmiyyətli pisləşmə gözlənilir. Həmçinin, ABŞ-ın ÜDM artımı gələn iki ildə 3 faiz bəndi qədər azalacaq. Vaşinqton Pekinlə konstruktiv dialoq qurmaqda uğursuz olub. Bu addımlar isə Cənub-Şərqi Asiyada regional təhlükəsizliyin təmin olunmasına mənfi təsir göstərəcək. Tramp Administrasiyasının ticarət tərəfdaşlarına qarşı gərginliyi daha da artırması ikitərəfli ticarətin 2025-ci ildə həm mütləq, həm də nisbətən kəskin şəkildə azalmasına səbəb olacaq”.
Bütün bunların fonunda aydın olur ki, ABŞ-ın yürütdüyü tarif siyasəti təkcə iqtisadi alət deyil, həm də geosiyasi strategiyanın bir hissəsidir. Çinlə ticarətdə sərt mövqe tutmaq, Vaşinqtonun dünya iqtisadi nizamında liderliyini qorumaq və Pekinin yüksəlişini nəzarətdə saxlamaq cəhdidir. Bu isə bizi yeni mərhələyə - iqtisadi rəqabətin siyasi qarşıdurmaya çevrildiyi dövrə aparır.