Almaniyadan Ukraynaya 28 milyardlıq yardım Dünya

Almaniyadan Ukraynaya 28 milyardlıq yardım

Ukraynada müharibə başlayandan Almaniya bu ölkəyə 28 milyard avro hərbi yardım göstərib.

Xalqcebhesi.az xəbər verir ki, hərbi yardım federal hökumətin vəsaiti ilə sənaye tərəfindən hərbi texnika və digər materialların tədarükünün maliyyələşdirilməsi və Silahlı Qüvvələrin ehtiyatlarından tədarüklər hesabına həyata keçirilib.

Ən mühüm texnikalar arasında 103 ədəd “Leopard 1 A5” döyüş tankı və 18 ədəd “Leopard 2A6” tankı yer alır. Hava hücumundan müdafiə sahəsində Almaniya Ukraynaya 6 ədəd “IRIS-T SLM” və “SLS” hava hücumundan müdafiə sistemi, 4 ədəd “Patriot” buraxılış qurğusu və 60 ədəd “Gepard” özüyeriyən zenit qurğusu göndərib. Artilleriya dəstəyi çərçivəsində Ukraynaya 25 ədəd “Panzerhaubitze” 2000 özüyeriyən haubitsa, 5 ədəd “MARS II” raket buraxılış sistemi və 3 ədəd HİMARS sistemi təqdim olunub. Həmçinin 549 ədəd VEKTOR kəşfiyyat dronu, 900 ədəd HF-1 zərbə dronu və 684 ədəd RQ-35 HEİDRUN dronu, habelə 500 ədəd STİNGER və 2700 ədəd STRELA tipli daşınan hava hücumundan müdafiə sistemləri gönədirilib.

Bundan əlavə, 10 mindən çox ukraynalı əsgər Almaniyada hərbi təlim keçib. Bu təlimlər üçün indiyədək 282 milyon avro xərclənib. Müharibədə yaralanmış ukraynalı əsgərlərin tibbi müalicə xərcləri bu hesabata daxil edilməyib.