

“ABŞ-nin sərt tarif siyasəti zərurətdən doğsa belə bu tarif siyasətinin miqyasının bu qədər geniş götürülməsi ABŞ tərəfindən, yeni komanda tərəfindən doğru olmayan bir addımdır. Çünki bu, öz mənfi təsirini ən çox ABŞ-yə göstərəcək. Çinin ABŞ-nin yanında olan ölkələrə çağırış etməsinə qalanda isə hesab edirəm ki, bu da doğru yanaşma deyil. Yəni kütləvi olaraq təhdid dili ilə danışmaq müasir qloballaşan dünyada mənfi effekt verir. Onsuz da ABŞ sərt tarif siyasətini demək olar ki, bütün ölkələrə tətbiq etməklə o ölkələri özündən uzaqlaşdırıb. Çin də ölkələrə belə bir hədə-qorxu gələrsə, bu da oxşar bir davranışın bir az fərqli təzahür forması olacaq”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.
E.Əmirovun sözlərinə görə, onsuz da dövlətlər seçim qarşısında qalan zaman ABŞ-ni seçəcək: “Ələxsus da Çinə qonşu olmayan ölkələr. Amma Çinin ətrafında və təsir dairəsində olan ölkələr isə Çinin bu çağırışına qoşula bilər. Lakin hazırkı vəziyyətdə onsuz da ABŞ-nin imici yetəri qədər zədələnib. Çinin cavab tədbirlərinə gəldikdə isə Çin öz iqtisadiyyatının ABŞ-dən asılılığını azaltmalıdır, ABŞ-yə olan ixracını əvəz edəcək digər ölkələr, alternativ bazarlar tapmalıdır. Xüsusən də Asiya, Afrika və Latın Amerikası ölkələrini ixrac hədəfi olaraq seçə bilər. O cümlədən özünü müasir texnoloji tətbiqlər baxımdan tam təmin etməyə çalışmalıdır. Onsuz da hər iki istiqamət üzrə ciddi işlər gedir və bunların arasında texnoloji baxımdan özünü təmin etmə səviyyəsi isə digər ölkələrlə müqayisədə Çində kifayət qədər yuxarı səviyyədədir. Ən əsası isə Çində olan bu dinamika dünyanın heç bir ölkəsində yoxdur. Nə ABŞ-də, nə Avropada, nə də digər ölkələrdə. Həm süni intellekt, həm yarımkeçiricilər, həm də digər istiqamətlər üzrə ələxsus da müasir elmi texnoloji tətbiqlərin ideyadan layihəyə keçməsi zamanına görə ən böyük sürət Çinə məxsusdur. Bu da birmənalı olaraq Çini orta perspektivdə daha da gücləndirəcək”.
Röya İsrafilova