

Rus Coğrafiya Cəmiyyətinin Həştərxan vilayəti üzrə bölməsinin rəhbəri Pyotr Buxaritsin Xəzər dənizinə ekspedisiya zamanı yoxa çıxıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə regional FSB idarəsi məlumat yayıb.
76 yaşlı alimin yaşayış olmayan qumlu Ukatnı adasına ekspedisiya zamanı yoxa çıxdığı məlum olub. Onu aprelin 19-dan axtarırlar.
FSB əlavə edib ki, mütəxəssislər axtarış aparmaq üçün bir sərhəd gözətçi gəmisi və iki qayıqdan istifadə ediblər.
Qeyd edək ki, Ukatnı adası Xəzər dənizinin şimalında, Volqa çayının deltasında yerləşir. Adanın sahilləri bataqlıqdır. Uzunluğu 6.2 km, eni isə 4.3 km təşkil edir. Sahəsi 14,9 km²-dir. Ada ərazisində neft ehtiyatı var. Ukatnı adası mübahisəli ərazidir. De-fakto ərazi Rusiyanın ərazisinə daxil olsa da, Qazaxıstan adanı tarixi torpağı hesab edir. Rusiya adanı Həştərxan vilayəti, Qazaxıstan isə Atırau vilayəti ərazisinə aid edir.