İsrailin “Davud dəhlizi” planı: Yaxın Şərqi nə gözləyir? Dünya

İsrailin “Davud dəhlizi” planı: Yaxın Şərqi nə gözləyir?

Türkiyəli yazar Mərd İnan qeyd edib ki, Şərqi Aralıq dənizindən İran sərhədinə qədər uzanan strateji xətt üzərində İsrailin qurmağa çalışdığı “Davud dəhlizi” təkcə təhlükəsizlik konsepsiyası deyil, enerji, kəşfiyyat və hərbi tarazlıq baxımından da çoxölçülü bir layihə kimi önə çıxır. Bu xəttin mərkəzində terrorçu PYD/SDQ strukturu mühüm rol oynayır.

Yazar “Davud dəhlizi”nin həm də İran və Türkiyə kimi regional gücləri cilovlamağı hədəfləyən bir təhlükəsizlik anlayışı olduğunu diqqətə çatdırıb: “Dəhliz İsrailin şimal sərhədlərini qorumaq, eyni zamanda, İranın Suriya və Livandakı təsirini kəsmək və Türkiyənin cənubunda bufer zona yaratmaq məqsədi daşıyır. Bu plan çərçivəsində İsrailin Suriya daxilində hava hücumları son 3 ildə 70 faiz artıb. Bu hücumlar İrana bağlı silahlılarla mübarizənin bir hissəsi kimi görülsə də, eyni zamanda “təmizləmə əməliyyatları” vasitəsilə “Davud dəhlizi”nin marşrutunun hazırlanması kimi də şərh edilir”.

“Xalq Cəbhəsi” mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

“İsrailin var olma konsepsiyası hərbi gücə istinad edir”

Araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu "Davud dəhlizi" termininin yeni ortaya çıxdığını və şərti xarakter daşıdığını diqqətə çatdırıb: “Yəni belə bir plan və ya proqram rəsmi olaraq açıqlanmayıb. İsrailin əsas dövlət strategiyası hazırda Fələstin olaraq bilinən ərazilərin qədim İsrail dövlətinin əraziləri olduğu tezisini müdafiə edir və bu torpaqlara iddia edir. İfrat radikal yəhudilərin Yaxın Şərqdə daha geniş bir əraziyə iddiası haqda danışılır, amma bunlar dediyim kimi, kiçik qrupların ideoloji baxışıdır və rəsmi dövlət siyasəti deyil”.

K.Rövşənoğlu əlavə edib ki, ancaq yarandığı gündən ətrafı ərəb-müsəlman dünyası ilə münaqişədə olan İsrailin var olma konsepsiyası hərbi gücə istinad edir: “Hərbi güc isə təbii ki, İsrailin təhlükəsizliyi üçün ətrafda bufer - təhlükəsizlik zonası yaradılmasını nəzərdə tutur. Məsələn, Colan təpələri Fələstin torpaqalarına daxil olmasa da, 1967-ci il "altı günlük" müharibə zamanı İsrail ordusu Suriya ordusunu məğlub edərək, Colan yüksəkliklərini ələ keçirdi və ilhaq etdi, hələ də işğal altında saxlamağa davam edir. Halbuki BMT və az qala bütün dünya Colan təpələrini Suriya ərazisi kimi tanıyırdı. Xüsusən də son 20 ildə İraqın ABŞ tərəfindən işğalından sonra İran Yaxın Şərqdə böyük bir "müqavimət cəbhəsi" deyə xətt formalaşdırıb və İsrail üçün təhdid yaradırdı”.

“İsrail və Türkiyə Suriyada toqquşmazlıq xətləri müəyyən edəcək”

Onun sözlərinə görə, Suriyada vətəndaş müharibəsi zamanı İran bu ölkədə möhkəmlənsə də, müharibə həm də İsrailin Suriyada əl-qol açmasına səbəb oldu: “İsrail İranın dəstəklədiyi Livan, Fələstin, İraq və Yəməndəki silahlı qrupları özü üçün təhdid elan edib, həmçinin İranın nüvə silahı əldə etməsini təhlükə elan edərək, Tehranla müxtəlif cəbhələrdə toqquşur. Ötən ilin dekabrında Bəşər Əsədin getməsi həm də böyük mənada İsrail üçün qələbə oldu. Çünki birincisi, İran Suriyanı tərk etməyə məcbur oldu, ikincisi, Livan və Fələstindəki Həmas və İslami Cihad kimi qruplarla bağı əhəmiyyətli şəkildə qırıldı. Əvəzində Suriyadakı hakimiyyət boşluğundan istifadə edərək İsrail bu ölkənin hərbi hava, hava hücumundan müdafiə və dəniz qüvvələrinin texnikasını tamamilə sıradan çıxardı və Suriya ərazisində təxminən Colan təpələri qədər bölgəni işğal etdi. İndi isə Suriyada İranı Türkiyə əvəz edir, yəni yeni Suriya hakimiyyətinin qəyyumu, belə demək olarsa, əsas dəstəkçisi Türkiyədir və bu səbəbdən də Türkiyə və İsrail Suriyada toqquşur. Lakin bu ay Bakıda keçirilən danışıqlar və Vaşinqtonda Netanyahu-Tramp görüşündən doğan nəticəyə əsasən demək olar ki, İsrail və Türkiyə Suriya ərazisində toqquşmazlıq xətləri müəyyən edəcək və qarşılıqlı olaraq bir-birini nəzərə alacaqlar”.

“Bu, İsrailin regionda özünə təhlükəsizlik buferi yaratmaq istəyindən qaynaqlanır”

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Əməkdar jurnalist Vüqar Zifəroğlu “Davud dəhlizi” ilə bağlı irəli sürülən bu iddiaların, bölgədəki mürəkkəb geosiyasi reallıqlar və regional güclər arasında davam edən güc mübarizəsinin yeni bir mərhələyə keçdiyini göstərdiyini deyib: “Mərd İnanın yanaşması, İsrailin regional strategiyasını yalnız təhlükəsizlik prizmasından deyil, enerji, kəşfiyyat və hərbi üstünlük prizmasından da analiz etməyə çalışır ki, bu, çoxölçülü yanaşma kimi diqqətəlayiqdir. Nəzərə almaq lazımdır ki, İsrailin Aralıq dənizindən İran sərhədinə qədər uzanan bu xətti sabitləşdirmək istəyi, regionda özünə təhlükəsizlik buferi yaratmaq istəyindən qaynaqlanır. Bu xəttin Suriya ərazisindən keçməsi və burada PYD/SDQ-nin (PKK-nın Suriya qolu olaraq tanınan) yerləşdirilməsi, İsrailin dolaylı olaraq bu strukturlardan faydalanmaq istədiyi təəssüratını yaradır. Beləliklə, İsrail bir tərəfdən İranın Livan və Suriya üzərindən “şimal cəbhəsi”ni qurmasının qarşısını almağa çalışır, digər tərəfdən Türkiyənin regional təsirini balanslaşdırmağa yönəlmiş siyasət yürüdür. Lakin bu dəhliz eyni zamanda həm İranın “şiə hilalı” dəhlizini (Tehran-Bağdad-Dəməşq-Beyrut xətti) parçalamağa, həm də Türkiyənin “təhlükəsizlik zolağı” qurmaq səylərini əngəlləməyə yönəlmiş ola bilər. İran üçün Suriya və Livan vasitəsilə “Hizbullah”a yardım həyati əhəmiyyət daşıyırdı. Suriyada hakimiyyət dəyişikliyi, İsrailin isə Livanda “Hizbullah”a qarşı yönəlmiş əməliyyatları ilə İranın Aralıq dənizi ilə quru bağlantısını ciddi şəkildə zədələdi. Türkiyə üçünsə, cənub sərhədlərində PKK/YPG-nin güclənməsi milli təhlükəsizlik təhdidi olaraq görülür”.

“Belə layihələr həm də iqtisadi, diplomatik və informativ müstəvilərdə reallaşır”

V.Zifəroğlunun sözlərinə görə, faktiki olaraq bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, mümkün gələcək marşrutların “təmizlənməsi” prosesi həyata keçirilib: “İsrail üçün belə bir dəhlizin varlığı, həm istihbarat baxımından əməliyyat çevikliyi, həm də enerji marşrutlarını qorumaq üçün ciddi imkanlar yarada bilər. Şübhəsiz ki, əgər “Davud dəhlizi” konsepsiyası reallaşarsa, bu, bölgədə yeni ittifaqlar və qarşıdurmalar doğura bilər. Burada təbii ki, Türkiyə və hələ də İran faktoru ciddi önəm daşıyır. Bu iddia tam sübutlanmış bir fakt olmasa da, İsrailin bölgədə yaratmağa çalışdığı geosiyasi tənzimləmələrin bir parçası kimi şərh edilə bilər. Belə layihələr sadəcə hərbi deyil, həm də iqtisadi, diplomatik və informativ müstəvilərdə reallaşır. Bu səbəbdən “Davud dəhlizi” kimi təşəbbüsləri yalnız sahə ilə bağlı deyil, həm də qlobal güc oyunları kontekstində analiz etmək daha doğru olar”.

“Bu dəhlizin gizli bir layihə olduğunu vurğulayırlar”

Siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirib ki, “Davud dəhlizi” layihəsinə həm mifoloji, həm də geosiyasi varlıq aspektindən yanaşır: “Son illərdə “Davud dəhlizi” ideyası Təl-Əvivin Şərqi Aralıq dənizində böyük bir ərazi üzrə geosiyasi təsirini yenidən formalaşdırmasına dair strateji və siyasi diskursunda özünü göstərir. İsraillilər heç bir rəsmi açıqlama verməsələr də analitiklər bu dəhlizi ABŞ tərəfindən dəstəklənən kürdlərin nəzarətində olan Suriyanın şimalını İsraillə davamlı quru yolu ilə birləşdirməyə yönəlmiş gizli bir layihə olduğunu vurğulayırlar. İdeoloji baxımdan bu layihəni “Böyük İsrail” baxışı ilə də əlaqələndirirlər. Hətta layihənin görüntüsündə Misirin Nil çayından İraqın Fərat çayına qədər uzanan bibliya xəritəsi çəkdiyini görmək də olar. Livan Universitetinin beynəlxalq əlaqələr üzrə professoru Leyla Nicola “The Cradle” nəşrinə deyir ki, Davudun dəhlizi İsrailin Suriya, İraq və Misir üzərində nəzarətini tələb edən teoloji baxışı təcəssüm etdirir. Belə ki, bunu həm bibliya elminin, həm də regional hökmranlığın mərkəzi triadası adlandırır. Regional məsələlər üzrə alim Talal Atrissi də Suriyadakı hadisələrin İsrailin tarixi ambisiyalarına yeni geosiyasi realizm verdiyinə inanaraq, bu fikri təkrarlayır”.

“Bu, regionun qeyri-sabitliyini dərinləşdirir”

Ş.Həsənova əlavə edib ki, hər bir halda təklif olunan bu dəhliz bir çoxları tərəfindən İsrail hegemonluğunu genişləndirmək üçün strateji bir təklif olaraq görülən mübahisələr üçün qığılcım kimi dəyərləndirilir: “Sabit regional mühitin olmamasını nəzərə alaraq analitiklər hesab edirlər ki, ən kiçik bir təxribat aktının özünü belə həssas və geniş marşrutu saxlamağın çətinliyinə gətirəcək ki, bu da layihənin pozula bilməsi riskinə yol açacaq. İsrailin məqsədi İranı və Türkiyəni sabitləməkdir. Yəni, məqsəd qonşu dövlətlərdə etnik və məzhəb azlıqları ilə ittifaqlar qurmaqla həyata keçirilən siyasət çərçivəsində kontekstləşdirilir. Dəhliz doktrinası İsrailin ərəb divarını zəiflətmək və özünün geosiyasi imkanlarını genişləndirmək məqsədi daşıyır. Dəhliz həm mənəvi mifologiyaya, həm də strateji zərurətə əsaslandığından bilinən fundamental paradiqmaya tam uyğun gəlir. Bir sözlə, dəhlizin logistik və infrastruktur imperativi az, siyasi ambisiya və təsir dəhlizi ideyası isə bir o qədər çoxdur. Odur ki, dəhliz risksiz deyil. Bu, regionun qeyri-sabitliyini dərinləşdirir, Suriya, Türkiyə, İran və İraqı düşmənçiliklə təhdid edir və yeni müqavimət cəbhələrini işə salır. Davidin dəhlizi hələ tam gün işığına çıxmaya bilər, lakin onun nəticələrinin regionda yeni gərginliyə yol açacağı aydındır”.

Röya İsrafilova