Kanada-Avropa İttifaqı münasibətləri: perspektivlər nədən ibarətdir? Dünya

Kanada-Avropa İttifaqı münasibətləri: perspektivlər nədən ibarətdir?

“Politico” nəşri ekspertlərə istinadla bildirib ki, Kanadanın Avropa Birliyinə daxil olması ehtimalı az olsa da, bu mümkündür.

“Abacus Data” tədqiqat şirkəti tərəfindən keçirilən sorğuya əsasən, kanadalıların 44 faizi ölkənin Avropa Birliyinə daxil olmasını dəstəkləyir, 34 faizi isə bunun əleyhinədir.

Ekspertlərin fikrinə görə, Kanada Avropa Birliyinə daxil olmaq üçün uyğun ölkədir və Avropa dəyərlərinə, institutlarına və siyasətinə hazırkı namizəd ölkələrin bəzilərindən daha yaxındır. Onların sözlərinə görə, rəsmi və hüquqi nöqteyi-nəzərdən “Avropa dövləti” anlayışı sabit deyil və yalnız kontinental Avropa ilə məhdudlaşmır. Avropa İttifaqının bəzi ölkələrinin Karib dənizində, Sakit okeanda və ya Arktikada xarici əraziləri var. Kanadalıları da, müəyyən mənada avropalılar adlandırmaq mümkündür, çünki onların çoxunun kökü Avropaya gedib çıxır. Eyni zamanda, bu ölkə siyasi quruluşunu, hüquq sistemini və demokratik dəyərləri məhz Avropadan götürüb.

Hazırda Avropa Birliyinə üzvlük üçün doqquz ölkə - Albaniya, Bosniya və Herseqovina, Gürcüstan, Moldova, Şimali Makedoniya, Serbiya, Türkiyə, Ukrayna və Monteneqro növbə gözləyir.

“Xalq Cəbhəsi” mövzu ilə bağlı politoloqların fikirlərini öyrənib.

“Bu, nəzəri baxımdan mümkündür”

Politoloq Oqtay Qasımov deyib ki, Kanadanın Avropa İttifaqına üzvlük məsələsi nəzəri baxımdan mümkündür: “Amma coğrafi baxımdan Kanada Amerika qitəsində yerləşir. Sadəcə olaraq son dövrlər baş verən hadisələr dünyada çox ciddi dəyişikliklərə səbəb olub. Belə ki, ABŞ ilə Kanada arasında münasibətlərin gərginləşməsi, Trampın Kanadanın ABŞ-yə ilhaq edilməsi ilə bağlı bəyanatları, təbii ki, iki ölkə arasındakı münasibətləri gərginləşdirməklə bərabər NATO-dakı münasibətlərə də kölgə salır”.

“Kanadanın üzvlük məsələsinə veto qoyan dövlətlər tapıla bilər”

O.Qasımov əlavə edib ki, Kanada da məhz ABŞ-nin bu davranışları qarşısında özünü müəyyən qədər müdafiə etmək baxımından müxtəlif variantlarda addımlar ata bilər: “Nəzərə alsaq ki, NATO üzvü olan Kanada dolayı yolla həm də Avro-Atlantikin üzvüdür və Avropa ilə sıx əlaqəsi olan bir ölkədir. Avropa İttifaqına üzvlük də yalnız coğrafi mövqeyi ilə məhdudlaşmayacaqsa, siyasi qərar olacaqsa, şübhəsiz ki, Kanadanın da Avropa İttifaqı daxilinə qəbul edilməsi nəzəri baxımdan mümkün ola bilər. Amma bunun üçün gərək beynəlxalq şərtlərdə ciddi dəyişiklik ola və Kanada da məhz bu dəyişikliklərin təsiri altında belə bir addım ata bilər”.

Politoloq burada müəyyən problemlərin ola biləcəyini qeyd edib: “Çünki Avropa İttifaqına üzvlük konsensusladır. Hazırda Tramp Amerikası ilə Kanada arasında müəyyən gərginliklər var. Avropa qitəsində Avropa İttifaqının üzvü olan dövlətlər arasında ABŞ ilə münasibətləri korlamamaq üçün məhz Kanadanın üzvlük məsələsinə veto qoyan dövlətlər də tapıla bilər”.

“Kanadanın Aİ-yə üzv olması mümkün deyil”

Politoloq Aytən Qurbanova qeyd edib ki, məntiqi, hüquqi və coğrafi baxımdan yanaşdıqda, Kanadanın Avropa İttifaqına üzv olması mümkün deyil: “İlkin olaraq onu qeyd etmək lazımdır ki, Avropa Birliyinə yalnız bu regionda yerləşən dövlətlər üzv ola bilər. Kanada isə coğrafi kriteriyalar baxımından ilkin tələblərə uyğun deyil. Digər tərəfdən isə üzvlüklə bağlı müəyyən edilən bu tələblər Birliyin prinsipial sənədlərində aydın şəkildə təsbit edilib. Deməli hüquqi nöqteyi-nəzərdən də Kanadanın üzvlüyü məsələsi heç bir halda real şərtlərə uyğun deyil. Nəticə etibarilə, Avropa Birliyi ilə Kanada arasında sıx əməkdaşlıq əlaqələrinin olması faktı istisna edilməsə də, tamhüquqlu üzvlük ilə bağlı məsələ reallıqdan uzaq yanaşmadır”.

Röya İsrafilova