

Yəmənin husilərə məxsus əl-Məsirə televiziyasında yayımlanan xəbərə görə, ABŞ ordusu Maribin Medqal bölgəsinə dörd, Əmranın Harf Süfyan bölgəsinə iki hava hücumu həyata keçirib. Hücumlardan sonra ölən və yaralananların sayı barədə məlumat verilməyib.
Bildirək ki, husilər martın 7-də verdikləri açıqlamada, İsrailə Qəzzaya yardımların girməsinə icazə verməsi üçün 4 gün vaxt verdiklərini, əks halda İsrailə qarşı dəniz əməliyyatlarına yenidən başlayacaqlarını açıqlamışdı.
ABŞ Prezidenti Donald Tramp martın 15-də “Truth Social” platformasında verdiyi açıqlamada orduya Yəməndəki husilərə qarşı “kütləvi hücum” əmri verdiyini bildirmişdi.
Qeyd edilib ki, ABŞ martın 15-dən sonra Yəmənə 1000-dən çox hava hücumu həyata keçirib və nəticədə əksəriyyəti qadın və uşaqlar olmaqla 217 nəfər ölüb, 436 yəmənli isə yaralanıb.