

Rusiya xarici işlər naziri Sergey Lavrov Ukraynadakı münaqişənin həlli ilə bağlı Moskvanın rəsmi mövqeyini açıqlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, Lavrov Brazilyanın "O Qlobo" qəzetinə müsahibəsində "Bu gün Ukrayna ilə danışıqlar masasına oturmaq üçün Rusiyaya hansı şərtlər lazımdır?" sualına belə cavab verib:
"Məhz Kiyev 2022-ci ilin aprelində danışıqlar prosesindən çıxıb. O, bunu Qərb kuratorlarının tələbi ilə edib. Daha sonra həmin ilin sentyabrında Zelenski Rusiya ilə danışıqlara qanunvericilik qadağası tətbiq edib. Bu qadağa hələ də qüvvədədir. Danışıqları davam etdirmək üçün onu ləğv etmək lazımdır. Bu yaxınlarda CBS News-a müsahibə verən Zelenski növbəti dəfə ölkəmizlə danışıqların əleyhinə çıxış edib. Onun sözlərini sitat gətirirəm: “Biz Rusiyaya etibar edə bilmərik, Rusiya ilə danışıqlara etibar edə bilmərik”.
Nizamlanma ilə bağlı mövqeyimiz yaxşı məlumdur. Biz o mövqedən çıxış edirik ki, Kiyevin NATO-ya qoşulmaması və 1990-cı il Ukraynanın Dövlət Suverenliyi Bəyannaməsinə uyğun olaraq neytral və bloklara qoşulmama statusunu təsdiqləməsi Ukrayna böhranının Rusiyanın təhlükəsizlik maraqlarına cavab verən yekun həlli üçün iki əsasdan biridir.
İkincisi, 2014-cü ilin fevralında dövlət çevrilişi nəticəsində Kiyevdə formalaşmış neonasist rejiminin hakimiyyətinin nəticələrini, o cümlədən rus dilini, mediasını, mədəniyyətini, adət-ənənələrini, kanonik pravoslavlığını qanunvericilik və fiziki cəhətdən məhv edilməsini aradan qaldırmaq lazımdır.
Krım, Sevastopol, Donetsk və Luqansk Xalq Respublikaları, Xerson vilayəti və Zaporojye üzərində Rusiyanın hüququnun beynəlxalq səviyyədə tanınması zəruridir.
Kiyevin bütün öhdəlikləri qanunla təmin edilməli, icra mexanizmlərinə malik olmalı və müddətsiz xarakter daşımalıdır.
Gündəlikdə Ukraynanın demilitarizasiyası və denazifikasiyası, sanksiyaların, məhkəmə iddialarının və həbs orderlərinin ləğvi, Rusiyanın Qərbdə “dondurulmuş” aktivlərinin qaytarılması məsələləri var.
Biz həmçinin NATO, Avropa İttifaqı və onların ayrı-ayrı üzv dövlətlərinin qərb sərhədlərimizdə düşmənçilik fəaliyyəti nəticəsində yaranan təhdidlərdən Rusiya Federasiyasının təhlükəsizliyinə etibarlı təminata nail olmağa çalışacağıq, Lavrov vurğulayıb.
Beləliklə, rəsmi Moskvanın Ukrayna ilə danışıqlar masasına oturma şərtləri məlum olub:
Rusiyanın Krım, Sevastopol, Donetsk və Luqansk Xalq Respublikaları, eləcə də Xerson və Zaporojye vilayətlərinə hüquqlarının beynəlxalq arenada tanınması;
Ukraynanın NATO-ya qoşulmaq niyyətindən imtina etməsi və neytral, bloklara qoşulmama statusunun təsdiqlənməsi;
Ukraynanın hərbiləşdirilməsinin denonsasiyası və denazifikasiyasının bəyan edilməsi;
Sanksiyaların ləğvi, məhkəmə iddialarının və həbs orderlərin dayandırılması, eləcə də xaricdə yerləşən dondurulmuş Rusiya aktivlərinin qaytarılması;
Rusiya Federasiyasının qərb sərhədlərində NATO, Avropa İttifaqına üzv olan ayrı-ayrı dövlətlərin hərəkətləri nəticəsində yaranan təhdidlərdən Rusiyanın təhlükəsizliyinin təmin edilməsi;
Rus dilinin, mədəni və dini təcrübələrin istifadəsini məhdudlaşdıran qanunların ləğvi.