ABŞ prezidenti Donald Trampın yaxın qrupunun üzvlərindən biri, Trampın vəkili və Nyu-York şəhərinin keçmiş bələdiyyə başçısı Rudi Culiani Fransada İran hakimiyyətinə müxalif olan "Xalqın Mücahidləri Təşkilatı"nın toplantısına qatılıb.
Xarici mediaya istinadən xəbər veririk ki, Culiani İranda hakimiyyət dəyişikliyinə çağırış edib.
O, İrana qarşı sanksiyaların artacağını bildirib.
"İran rejiminin sonunun yaxınlaşdığını görürük. Molllalar getməlidir. Azadlığa çox az qaldı. Bir il sonra bu toplantının Tehranda təşkil etmək istəyirəm", - vəkili deyib.
Bir vaxtlar ABŞ və Avropanın "terror siyahısı"na daxil edilən və Məryəm Rəcavinin rəhbəri olduğu "İran Mücahidləri Təşkilatı"nın toplantısına qatılan təxminən 4 min adama müraciət edən Culiani dini liderin getməli olduğu və Rəcavinin liderliyi ilə demokratik bir hökumətin qurulmalı olduğunu vurğulayıb.
ABŞ prezidentinin vəkili iqtisadi təcridin İran hökumətinin devrilməsini təmin edəcəyini söyləyib.
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik məsləhətçisi Con Bolton da ötən il toplantıya fəxri qonaq olaraq qatılmışdı.
Toplantıda çıxış edən Məryəm Rəcavi də İranda rejimin dağılmasının qaçılmaz olduğunu vurğulayıb.
İqtisadi çətinliklərlə mübarizə edən İranda sular durulmur. Milli valyutanın dəyərdən düşməsi ilə əlaqədar ötən həftə küçələrə axışan İran xalqı bu dəfə içməli sularda çirklilik və su çatışmazlığına etiraz etmək üçün meydanları doldurub. Neftlə zəngin olan Xuzistan əyalətinə bağlı və əhalinin çoxu ərəblərdən ibarət olan Xürrəmşehr və Abadan şəhərlərində minlərlə insan su çirkliliyi və su çatışmazlığına etiraz etmək üçün ötən həftənin cümə günündən aksiyalara başlayıb.
Yağış və su ehtiyatlarının azalması səbəbiylə quraqlıq ölkəni "su böhranı"na aparır. Su borularından gələn suyun çirkli və duzlu olması səbəbiylə insanlar suyu maşınlardan almaq məcburiyyətində qalırlar. Xəbərlərə görə, Xuzistan əyalətinə bağlı Ramhürmüz və El-Fars bölgələrində 230 nəfər sudan zəhərlənib.
Cümə günü başlayan dinc aksiyalar nümayişçilərin təhlükəsizlik güclərinə daşla hücum etməsi səbəbiylə bazar günü qarşıdurmaya çevrildi. Qeyri-rəsmi məlumatlara görə, nümayişləri dağıtmaq istəyən polisin atəş açması nəticəsində 4 nəfər həyatını itirdi. Polisin nümayişçilərə qarşı zorakılığı sosial şəbəkələrdə yayılan görüntülərdə də əksini tapıb.
Tehran isə aksiyalarda insanların ölməsi barədə iddiaları rədd etdi.
İran rəhbərliyi aksiyaların arxasında Qərbin və İsrailin əlinin olduğunu iddia edir. İsraildən və Qərbdən səslənən son bəyanatlara diqqət yetirsən, bu iddiaların əsassız olmadğını demək olar.
Xatırladaq ki, İsrailin baş naziri Benyamin Netanyahu bu ayın əvvəlində ingilis dillndə videomüraciətində sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları internetə çıxaracağına bildirib. Baş nazirin sözlərinə görə, bu texnologiyalar milyonlarla iranlıya quraqlıqdan və aclıqdan qaçmağa kömək edəcək.
O, İran hakimiyyətinin məlumatını səsləndirib. Bu məlumata görə, ölkənin 96 faizi quraqlığa bu və ya digər dərəcədə meyillidir. 50 milyon sakinin iqlim dəyişikliklərinə görə öz evlərini tərk etməyə məcbur ola biləcəyi deyilir.
"İsrail İranda ekoloji faciənin qarşısını almağın yolunu bilir. Mən bunu İran xalqı ilə bölüşmək istəyirəm. Biz yağış sularının yenidən emal olunması, məhsulun xilası və ailələrin yedizdirilməsi barədə təlimatları internetdə yerləşdirəcəyik", - Netanyahu deyib.
Baş nazir İranda səsləndirilən "İsrailə ölüm!" şüarlarını xatırladıb: "İran rejimi qışqırır: "İsrailə ölüm". İsrail isə cavabında qışqırır: "İran xalqının həyatı. Ləyaqətli İran xalqı amansız rejimə qarşı tək durmamalıdır. Biz sizinləyik".
Netanyahu bir neçə gün əvvəl isə etdiyi videomüraciətində İran futbol komandasının İsrail yığmasına qarşı azad Tehranda oynayacağını görəcəyinə ümid etdiyini bildirib. Baş nazir hava çirklənməsi, su çatışmazlığı və terrora xərclənən milyardlarla vəsait kimi xalqa İranın çoxsaylı problemlərini xatırladıb. Bu problemlərin həllinin hamısının açarının İran xalqının olduğunu deyən İsrail hökumətinin başçısı xatırladıb ki, "Teleqram"da fars dilində suyu qoruyub saxlamağın qaydalarını yerləşdirib.
İranın Xarici İşlər Nazirliyi bu bəyanatları üsyan çağırışı kimi qiymətləndirdi və Təl-Əvivə öz işləri ilə məşğul olmağı məsləhət gördü.