"Avropalıların İrana qarşı sanksiyalar məsələsində ABŞ-la sona qədər inadlaşacağına inanmıram".
Bunu sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloq bəzi Avropa şirkətlərinin artıq İranı tərk etdiyini bildirib:
"Bunların içərisində Fransa, Almaniya, İspaniyaya məxsus şirkətlər də var. Yəni Avropa hələ bir müddət İrana qarşı sanksiyalarda iştirak etməyəcək. Ancaq bu müddət keçdikdən sonra Avropa da ABŞ-ın sırasına qoşulacaq. ABŞ Obama dövründə olan sazişi ədalətli hesab etmir və İrana birtərəfli üstünlük qazandırdığını düşünür. Ona görə də ABŞ İranla yeni ədalətli sazişin imzalanmasına nail olmağa çalışacaq. Bu yeni sazişə görə, İran nüvə silahı istehsalı ilə məşğul olan bütün zavodlarını, xüsusilə də dağların altında bunkerlərdə yerləşdirilmiş Nüvə Tədqiqatları Mərkəzini MAQATE-yə açıb göstərməlidir. Əslində, bu məsələnin müharibə həddinə gəlib çatmasını istəməyən qüvvələr çoxdur. Çünki ABŞ-İran qarşıdurması dünyanın düzənini tamamilə alt-üst edə bilər. Hazırda müzakirələr təxminən bu səviyyədə aparılır".
Politoloq Avropanın ABŞ-ın iradəsi əleyhinə gedəcəyini düşünmür:
"Avropa da nəhayət, İranı yeni nüvə sazişi imzalamağa təhrik etməyə çalışacaq. Bununla da Avropa-ABŞ münasibətləri özünün gərgin dövrünü geridə qoyacaq və münasibətlərin yeni dönəmi başlayacaq. Çünki ABŞ siyasətini müəyyən edən təkcə Tramp deyil, bir çox dövlət və bizə bəlli olmayan müəyyən qeyri-rəsmi strukturlar da bu prosesdə iştirak edirlər. Onlar köhnə dünya, yəni Avropa ilə münasibətlərin qırılmasının tərəfdarı deyillər, birmənalı qaydada Qərb dünyasının vahidliyini irəli sürürlər. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, ABŞ-ın Avropa ölkələrinə xəbərdarlığı hələ bir müddət də davam edəcək. Bu müddət başa çatdıqdan sonra münasibətlərdəki gərginlik səngiyəcək, daha konstruktiv məcraya daxil olacaq".
Q.Hüseynli bildirib ki, ABŞ-İran gərginliyi müharibə həddinə gəlib çatmayacaq:
"İndiki situasiyaya nəzər salsaq, İranı yeni nüvə sazişi imzalamağa məcbur edəcəklər. Zənnimcə, bu gün həmin müqaviləyə ehtiyac var. Çünki İran nüvə tədqiqatlarını dayandırmayıb. Yeni sazişin məqsədi isə nüvə tədqiqatlarını dayandırmaqdır. Bu məsələdə ən sonda Avropa da ABŞ-la razılığa gələcək və nəticədə İranı yeni nüvə sazişi imzalamağa məcbur etmək mümkün olacaq".