Trampın xeyriyyə fondu bağlanır Dünya

Trampın xeyriyyə fondu bağlanır

ABŞ prezidenti Donald Trampın xeyriyyə fondunun (Trump Foundation) buraxılması barədə razılaşma əldə olunub. Bu fondun ştat qanunlarını pozması, xeyriyyə üçün nəzərdə tutulmuş vəsaitin Trampın şəxsi xərclərinə yönəldilməsi haqda iddialar yayılmışdı. Azadlıq radiosunun xəbərinə görə, Nyu York ştatının baş prokuroru Barbara Undervud dekabrın 18-də deyib ki, fondun vəsaitləri digər qeyri-kommersiya təşkilatları arasında paylaşılacaq. Bu razılaşmanı hələ hakim təsdiqləməlidir.
"Bu, hüququn aliliyi baxımından vacib qələbədir", – Undervud deyib. Onun idarəsi fondu Trampın biznesinin və siyasi kampaniyasının əlavəsi kimi işləməkdə suçlayırdı. Ancaq məhkəmə işi hələ davam edəcək. "Tramp Fondunun və onun direktorlarının ştat və federal qanunları aydın şəkildə, dəfələrlə pozmasına görə məsuliyyət daşımasını təmin etməkdən ötrü işi irəli aparacağıq", – Undervud bəyanatında vurğulayıb.
Baş prokuror milyonlarla dollar cərimə, Tramp və böyük övladlarının digər xeyriyyə qurumlarına başçılıq etməsinin yasaqlanmasını istəyir. Hələlik, Ağ ev, yaxud prezidentin biznes qurumlarından məsələyə şərh gəlməyib. Trampın Nyu York ştatında üzləşdiyi hüquqi problemləri müxtəlif federal yurisdiksiyalarda gedən cinayət və mülki təhqiqatlardan ayrıdır. Xüsusi prokuror Robert Müller prezidentin 2016-cı ildə seçki kampaniyası ilə Rusiyanın mümkün işbirliyini araşdırır.