Hindistan və Çin arasında müzakirələr aparılıb Dünya

Hindistan və Çin arasında müzakirələr aparılıb

Hindistan-Çin sərhəd ərazilərində faktiki nəzarət xətti ətrafında vəziyyətin tənzimlənməsi istiqamətində Hindistan və Çin, mövcud diplomatik və hərbi kanallar vasitəsi ilə müzakirələr apardı.

Səfirlikdən xalqcebhesi.az-a verilən məlumata görə, 5 iyul, 2020-ci il tarixində Hindistan və Çinin sərhəd məsələsi üzrə xüsusi nümayəndələri, Hindistanın milli təhlükəsizlik müşaviri Şri Acit Doval və Çinin dövlət məsləhətçisi və xarici işlər naziri cənab Vang Yi telefon danışığı apardı.

Həmçinin, Hindistan-Çin sərhəd məsələsi üzrə Məsləhətləşmə və Əlaqələndirmə İşçi Mexanizminin (WMCC) 10 iyul, 2020-ci il tarixində iclası keçirildi.

Bu görüşlər çərçivəsində tərəflər, ikitərəfli müqavilələrə və protokollara uyğun olaraq sərhəddə
sülh və əmin-amanlığın tam bərpası məqsədilə faktiki nəzarət xətti boyunca qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhəd ərazisində gərginliyin aradan qaldırılması barədə razılığa gəldilər.

Bu çərçivədə Hindistanın və Çinin Baş Komandirləri 14 iyul, 2020-ci il tarixində Çuşulda dördüncü iclaslarını keçirdilər.

Komandirlər, aparılan qoşunların çıxarılması prosesinin gedişatını nəzərdən keçirərək, ən qısa zamanda qoşunların tamamilə çıxarılmasını təmin etmək istiqamətində gələcək addımları da müzakirə etdilər.

Hər iki tərəf, qoşunların tamamilə çıxarılması və Hindistan-Çin sərhədində sülh və əmin-amanlığın tam bərpası hədəfinə sadiqdir.

Tərəflər, bu nəticələrin əldə olunması istiqamətində diplomatik və hərbi sahələrdə təması davam etdirəcək.

Media brifinqində, faktiki nəzarət xətti boyunca qoşunların çıxarılması prosesinin mürəkkəb olması və bu səbəbdən, əsassız və qeyri-dəqiq məlumatlara yol verilməməsi tələbi vurğulandı.

Hal-hazırda Qərb hissədə aparılan qoşunların çıxarılması prosesi, xüsusilə faktiki nəzarət xətti boyunca qarşıdurma vəziyyəti və qoşunların yaxın yerləşdirilməsinin həll edilməsinə yönəldilmişdir. Bu, yüksək hərbi komandirlər arasında razılaşmaya əsaslanır. Hər iki tərəf faktiki nəzarət xəttinin onlara aid tərəfindəki daimi postlarına doğru geri çəkilmək üçün müəyyən nöqtələr üzrə razılığa gəlib. Bu, qarşılıqlı razılaşdırılmış hər iki tərəfin atacağı addımlardır və davam edən bir prosesdir. Hindistanın faktiki nəzarət xəttinə dair mövqeyində heç bir dəyişiklik yoxdur. Hindistan, faktiki nəzarət xəttinin gözlənilməsində və riayət edilməsində tam qərarlıdır. Faktiki nəzarət xətti boyunca status-kvonu dəyişdirmək istiqamətində edilən hər hansı birtərəfli cəhdlər qəbul edilməzdir.