Ərdoğan rüşvətə görə tutulanları buraxdırdı Dünya

Ərdoğan rüşvətə görə tutulanları buraxdırdı

Rza Zərrab və sabiq nazirlərin övladları azadlığa çıxıb

Türkiyə Prokurorluğu rüşvət qalmaqalı ilə bağlı saxlanılan iş adamı Rza Zərrab, sabiq daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər və sabiq iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayanın həbsdən azad edilməsi haqqında qərar qəbul edib. Bu barədə "TRT Haber" telekanalını məlumat verir.
Həmçinin rüşvət qalmaqalı ilə bağlı həbs olunan daha 5 nəfər azadlığa buraxılıb.
Qeyd edək ki, iki həftə öncə Türkiyənin "Xalq Bank"ının sabiq baş direktoru Süleyman Aslan və həbs olunan daha 8 iş adamı azad edilib.
Xatırladaq ki, dekabrın 17-də İstanbul və Ankarada keçirilən xüsusi əməliyyat nəticəsində aralarında bəzi nazirlərin övladları da olmaqla, onlarla insan saxlanılmışdı.
Yeri gəlmişkən, Ərdoğan hökuməti bundan sonra məhkəmələrə nəzarət edə biləcək. Belə ki, Türkiyə parlamentinin Hakimlər və Prokurorlar Ali Şurasının ölkənin Ədliyyə Nazirliyinin tabeliyinə verilməsi haqqında qərarından sonra ədliyyə naziri Bəkir Bozdağ Ali Şuranın tərkibinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Bu həmin qurumdur ki, məlum rüşvət və korrupsiya ilə bağlı əməliyyata göstəriş vermişdi.
Şuraya əlavə olaraq baş katibin beş müavini, eləcə də üç müfəttiş təyin edilib. Şuranın Ədliyyə Nazirliyinin tabeliyinə verilməsindən sonra Cümhuriyyət Xalq Partiyası (CHP) Konstitusiya Məhkəməsinə müraciət edib.
Dünən Türkiyə prezidenti Abdullah Gül də parlamentin adıçəkilən qərarını bəyənib.
Qeyd edək ki, Türkiyədə Hakimlər və Prokurorlar Ali Şurası 1981-ci ildə təsis edilib. Şuranın səlahiyyətlərinə hakim və prokurorların hazırlanması, işə təyin olunması, eləcə də onların işdən kənarlaşdırılması və məhkəmə proseslərinə təyin edilməsi daxildir.