180 separatçı öldürülüb, 248-i isə yaralanıb Dünya

180 separatçı öldürülüb, 248-i isə yaralanıb

Rusiya Dnesteryanı sərhədə 400 xüsusi təyinatlı göndərib

Cavid

Ukraynanın şərq vilayəti Donetskdə hökumət qüvvələri ağır itkilər verməkdə davam edir. Ruspərəst üsyançıların Debaltsevo şəhərinə hücumları zamanı azı 15 əsgər ölüb. Ukraynanın Müdafiə Nazirliyi çoxlu sayda əsgərin öldürülməsini Donbas regionunda başlayan münaqişələr zamanı indiyə qədər baş verən ən ağır itki adlandırıb. Özlərini "Donetsk Xalq Respublikası" elan edən qrup rəhbərliyi, eyni zamanda, Uqleqorsk şəhərini də ələ keçirdiklərini söyləyib.
Əməliyyatlar zamanı üsyançılar ağır artilleriyadan istifadə ediblər. Bir neçə bina, həmçinin, qaçqınlara humanitar yardım göstərən məntəqə mərmilərin hədəfinə tuş gəlib. Nəticədə azı 2 mülki vətəndaş ölüb. Rəsmi Kiyev və NATO rəhbərliyi üsyançılara açıq şəkildə Rusiyanın xüsusi təyinatlılarının dəstək olduğunu vurğulayır.
Debaltsevo əhalisi isə silahlı zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.
Ölkənin baş naziri Arseni Yatsenyuk artıq minə yaxın insanın şəhərdən təxliyə olunduğunu deyib. Münaqişənin həllinə dair danışıqlar aparan təmas qrupunun növbəti iclası da uğursuzluqla nəticələnib. Üsyançıların nümayəndələri Donbasda yaşanan silahlı qarşıdurmaların səbəbini Ukrayna ordusunda görüb.
Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının nümayəndəsi Vladimir Polevoy isə bildirib ki, Rusiya Dnesteryanı sərhədə 400 xüsusi təyinatlı göndərib. O, sərhəddən silah keçirilməsi və digər qanunsuz fəaliyyətlərin qarşısının alınması üçün bu tip addım atıldığını deyib. Polevoy artıq Rusiyanın Dnesteryanıya 400 xüsusi təyinatlı göndərdiyini bildirib. Onların Dnesteryanı ordusunu hazırladığı söylənilib. Qeyd edək ki, Dnesteryanı Moldova ərazisində yerləşir və separat zonadır.
Ukrayna Anti-Terror Mərkəzinin yaydığı məlumatda isə bildirilir ki, fevralın 1-də separatçıların 180 döyüşçüsü öldürülüb, 248 nəfəri isə yaralanıb.
"Bazar ertəsi gecəsi gərgin keçib. Rus-separatçı qüvvələri Ukrayna ordusunun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Separatçılar artilleriya ilə Debaltsevo, Nikişino, Çernuxino və Zolotoyeni vurub", məlumatda bildirilib.
Leninskoe yaşayış məntəqəsi yaxınlığında separataçılar hücuma keçsələr də, Ukrayna hərbçilərinin zərbəsi nəticəsində geri çəkiliblər.
Amerika prezidenti Barak Obama isə ənənəvi olaraq Rusiyanın Ukraynaya qarşı təcavüz siyasətinin davam etdiyini vurğulayıb. O, bunu CNN-ə müsahibəsində deyib.
"Krımın anneksiyası ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib. Hansısa torpaq parçasının fəth edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb. İndi dövlətin gücü onun intellektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür"- deyə, Oama qeyd edib.
Onun sözlərinə görə, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar bu ölkə üçün ağır olsa da, Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib, əksinə Ukraynanın şərqində rusiyameylli separatçılar aktivləşib. Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Obama hesab edir ki, Putin Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsi ilə barışa bilmir və və o zamandan bəri beynəlxalq normalara zidd qərarlar verir.
ABŞ prezidenti deyib ki, onun ölkəsinin Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik hərəkət olmazdı. Amma ABŞ Ukraynaya təcavüzünü davam etdirən Rusiyanın buna görə daha çox təzyiq altına düşməsi üçün fəaliyyətini davam etdirəcək. Üstəlik də Rusiya ilə həmsərhəd NATO ölkələrini gücləndirəcək ki, Rusiya qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın: "Putin Ukraynaya və Krıma dair bu qərarlarını ona görə vermədi ki, hansısa böyük strategiyaya malik idi. Mahiyyətcə ona görə belə elədi ki, Maydan etirazları onu qəfil haqladı. Yanukoviçin bizim Ukraynada hakimiyyət dəyişikliyində vasitəçiliyimizdən sonra qaçması da onun üçün gözlənilməz oldu".
ABŞ prezidenti deyib ki, Krımın Rusiyanın tərkibinə qatılmasından sonra ABŞ Moskvanın mümkün qədər çox ziyan çəkməsinə nail olub. Birləşmiş Ştatlar Ukraynaya dəstək verməkdə və Rusiyaya qarşı təzyiqlər göstərməkdə davam edir. Obama Rusiyaya qarşı sanksiyaların effekt verdiyini də bildirib.
Obama ABŞ-la Rusiya arasında hərbi münaqişəni istisna edib. Bununla belə deyib ki, Vaşinqton NATO-nun Şərqi Avropadakı qüvvələrini artırmasına nail olacaq.
Yeri gəlmişkən, Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin yanvar ayında keçirdiyi sosioloji sorğuya əsasən rusiyalıların 25 faizindən çoxu Rusiya ilə Ukrayna arasında müharibənin başlama ehtimalını yetərincə yüksək sayır.
Sorğunun nəticələrinə görə, 10 faiz insan düşünür ki, müharibə artıq gedir. Üç ay qabaq isə bu iki şərqi slavyan ölkəsi arasında müharibə ehtimalına inananların sayı yalnız 17 faiz idi.
Rusların yarısı Ukraynada baş verənləri vətəndaş müharibəsi sayır, 3 faiz isə əsas problemin Qərbin müdafixiləsi ilə bağlı olduğunu iddia edir.
Rusiya ictimai rəyin öyrənilməsi mərkəzinin direktoru Valeri Fedorovun sözlərinə görə, münaqişənin nizamlanması üzrə Minsk sazişinə ümidlər yoxa çıxır və münaqişəni dondurmaq mümkün olmur. "Müharibə ehtimalı artır", - deyə Fedorov vurğulayır.