Ermənistanda sosial gərginlik səngimir Dünya

Ermənistanda sosial gərginlik səngimir

"Aykakan Jamanak" qəzeti: "Ölkədə belə acınacaqlı iqtisadi vəziyyət olmamışdı"

Yerevanda özəl taksilərin sürücüləri fevralın 5-də hökumət binasının qarşısında etiraz aksiyası keçirmək niyyətindədirlər. Bu barədə "Trend" "Armenia Today" saytına istinadən xəbər verir.
Taksi sürücülərinin narazılığına səbəb lisenziyalaşdırma qaydalarındakı dəyişikliklər olub. Belə ki, həmin dəyişikliklərə görə, sarı rəngli dövlət nömrələri yenidən ağ rəngli nömrələrlə əvəz edilir, sürücülər isə hər ay 12 min dram ödəməli olacaqlar.
Sürücülərin sözlərinə görə, yaranmış şəraitdə bu məbləği ödəmək sadəcə olaraq mümkün deyil və həmin qərarın qüvvəyə minməsi dayandırılmalıdır.
"Aykakan Jamanak" qəzeti yazır ki, ölkədə iqtisadi böhran son həddə çatıb və Sarkisyan rejimi ölkəni talamaqla məşğuldur: "Ermənistan əcnəbi sərmayəçilər üçün özünün onsuz da zəif olan mövqeyini itirir. "Fitch" beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli defolt emitenti reytinqini (DER) "ВВ-"dən "В+"dək azaldıb. Reytinqlər üzrə proqnoz sabitdir".
Qəzet yazır: "Ölkənin xarici və yerli valyutada əsas təmin olunmamış istiqrazlarının reytinqləri "BB-"dən "B+"ə qədər düşüb. Qısamüddətli xarici valyutada DER "B" səviyyəsində təsdiqlənib. Bundan cəmi iki həftə əvvəl "Moody`s" beynəlxalq reytinq şirkəti Ermənistanın dövlət istiqrazlarının reytinqini "Ba2"-dən "Ba3"-dək azaltmışdı, eləcə də proqnozu sabitdən mənfiyədək pisləşdirmişdi. Buna Avropa Bankının Ermənistanda iqtisadi artımın tempinin azalması haqqında proqnozu və "Heritage Foundation" tərəfindən hazırlanan iqtisadi sərbəstlik cədvəlində ölkədəki dərin tənəzzülü də əlavə etsək, aydın olar ki, Ermənistan əcnəbi investorlar üçün özünün onsuz da zəif olan mövqeyini itirir".
Qəzetin yazdığı kimi, ümumilikdə isə ölkədəki maliyyə-iqtisadi vəziyyət və gözləntilər heç vaxt indiki qədər pis olmayıb. Nəşrin yazdığına görə, artıq Ermənistan hökumətinə bu il ölkəyə daxil olacaq transfertlərin yarıbayarı, ixrac həcmlərinin isə 10-15 faiz azalacağı barədə xəbərdarlıq edilib: "İndiki məqamda ölkənin xarici ehtiyatları son 4,5 il ərzində ən minimal həddə çatıb. Bütün bunlarla yanaşı, hökumət ölkənin hansısa, ölkədən yaxud beynəlxalq maliyyə strukturundan maliyyə dəstəyi alacağına daha ümid etmir. Hökumətə talamaqdan və bundan zövq almaqdan başqa heç nə qalmır".