Gələn həftə istintaq işinin yekunu ilə bağlı məhkəmə təyin olunacaq
Ukraynanın Luqansk şəhərində ötən ilin noyabr ayında evinə olan kütləvi silahlı basqından sonra həbs olunan azərbaycanlı iş adamı, keçmiş diaspor rəhbəri Şahin Məmmədov azadlığa buraxılıb.
Ş.Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə tərəfindən barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və azadlığa buraxılıb.
İstintaq araşdırmalarının yeni faktlar üzə çıxardığını, evinə basqın edən dəstənin üzvlərindən saxlanılanların günahlarını etiraf etdiyini deyən Ş.Məmmədov bildirib ki, gələn həftə istintaq işinin yekunu ilə bağlı məhkəmə təyin olunacaq. Hazırda Luqansk şəhər xəstəxanasında müalicə olunduğunu söyləyən Ş.Məmmədov özünü yaxşı hiss etdiyini vurğulayıb. O, miasteniya xəstəliyindən əziyyət çəkir.
Qeyd edək ki, ötən il noyabrın 16-da axşam saatlarında Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və tanınmış iş adamı Ş.Məmmədovun evinə maskalı şəxslər tərəfindən silahlı basqın olub. Baş vermiş atışma nəticəsində Ş.Məmmədovun özünümüdafiə məqsədilə icazəli silahından açdığı atəşdən basqınçıların biri ölüb. Hadisədən dərhal sonra milis Ş.Məmmədovu oğlu ilə birgə həbs edib. Bir gün sonra oğlu sərbəst buraxılsa da, şəxsi silahından açdığı atəş nəticəsində atışmada adam öldürdüyü üçün Ş.Məmmədov barəsində məhkəmə 3 aylıq həbs-qətimkan tədbiri seçib, ötən ay isə bu müddətin daha iki ay uzadılması ilə bağlı qərar qəbul edib. Onun evinə basqın edən dəstə üzvlərindən 2 nəfər saxlanılıb, digərlərinin saxlanılması istiqamətində iş gedir. İstintaq sirri olduğu üçün saxlanılanların kimliyi hələlik açıqlanmır, lakin onlardan birinin milliyyətcə rus, digərinin erməni olduğu bildirilir. O da qeyd olunur ki, hər iki şəxs rus mafiyasının üzvüdür.
Xatırladaq ki, Ş.Məmmədov Ukraynada və Türkiyədə iri kərpic zavodlarının sahibidir.