Erməni “Maydan”ı yetişir Dünya

Erməni “Maydan”ı yetişir

Rusiyada hesab edirlər ki, erməni müxalifəti Qərbə Moskvadan asılı olmadığını nümayiş etdirməyə qərar verib

Cavid

Ermənistan paytaxtında yenidən etiraz dalğası başlayıb. Ermənistan KİV-i xəbər verir ki, "Nairit" kauçuk zavodunun işdən qovulmuş əməkdaşları da hökumət binasının qarşısında etiraz aksiyası keçirirlər. Onlar da maaşlarının ödənilməsini tələb edirlər. Bir neçə gün əvvəl hökumət işçilərə maaşlarının ödəniləcəyinə söz versə də, bu vədini yerinə yetirməyib.
Qeyd edək ki, işçilər artıq 18 aydır ki, maaş ala bilmirlər. Zavod rəhbərliyinin onlara 15 milyon dollar borcu var. İşçilər pullarını almaq üçün dəfələrlə hökumətin binasının və Prezidentin Administrasiyasının önündə aksiya keçiriblər.
Ermənistanın müxalifət üçlüyü də dünən İrəvanın "Azadlıq" Meydanında ümumxalq mitinqi keçirib. Serj Sarkisyan rejiminin ölkədaxili vəziyyətə nəzarət etməkdə çətinlik çəkməsi və paralel olaraq müxalifətin hakimiyyət qarşısında mövqelərini gücləndirməsi Ermənistanda hakimiyyət dəyişikliyinin olacağı barədə iddiaları gücləndirib.
Rusiyanın "rosbalt.ru" saytında gedən yazıda da məhz bu məqamlara diqqət yetirilib.
"Erməni "Maydanı" yetişdi?" başlıqlı yazıda "Çiçəklənən Ermənistan" Partiyası, Erməni Milli Konqresi və "İrs" Partiyasının təmsil olunduğu "trio"nun son addımları, xüsusən "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qaqik Sarukyanın prezident Serj Sarkisyanla münasibətləri şərh edilib.
Xatırladaq ki, Qaqik Sarukyan partiyasının Siyasi Şurasının fevralın 13-də keçirilən iclasında rejimlə bağlı planlarını tam şəkildə ifadə edib. "Əziz həmvətənlər, mübarizəyə hazırlaşın. Əgər bütün xalq ayağa qalxacaqsa, hakimiyyət dəyişdiriləcək. Bütün siyasi qanuni üsullarla, gecə-gündüz mitinqlər, yürüşlər, nümayişlər, itaətsizlik və sair yollarla Serj Sarkisyanın istefasına nail olmaq, bu şər hakimiyyətdən azad olmaq üçün sizi ümummilli səfərbərliyə çağırıram", - deyə partiya sədri vurğulayıb.
Təbii ki, erməni oliqarxının bu çağırışı Serj Sarkisyanı narahat edib. "Rosbalt.ru" saytının yazdığına görə, "Çiçəklənən Ermənistan" Partiyasının fəallarının evlərində müxtəlif bəhanələrlə axtarışlar aparılır, bəziləri ilə həbs edilir. Sarkisyan Sarukyanın özünü isə "əqli qabiliyyəti az olan birisi" və "ölkə üçün şər" adlandırıb və böyük siyasi ambisiyalarının olduğunu bildirib. Sarkisyanın fikrincə, Sarukyan kimiləri real təhlükədir. Ermənistan prezidenti Sarukyanı Təhlükəsizlik Şurasının üzvlüyündən qovub. Bütün bunlarla yanaşı, Sarukyan üçün daha bir təhlükə var. Sarkisyan onun milyardlarla dollar vergini ödəməməkdə ittiham edir və yoxlamaların başlanacağı barədə xəbərdarlıq edib.
Sarukyan isə Sarkisyanın qəzəbini onunla əlaqələndirib ki, o, Ermənistanın parlament idarə üsuluna keçidini nəzərdə tutan Konstitusiyaya dəyişikliklərindən sonra prezident postunu tutmaqdan imtina edib. Sarukyan Sarkisyanın ona etdiyi şirnikləşdirici təklifləri də açıqlayıb: "Səmimi olmaq istəyirəm. Sarkisyan mənə əməkdaşlığın müxtəlif variantları, həmçinin Konstitusiya dəyişikliyindən sonra prezident postunu təklif edib. Amma bir şərtlə ki, onun faktiki olaraq ömürlük hakimiyyətdə qalmaq arzusunun reallaşması ilə razlaşmalı idim".
Yəni o, Sarkisyanın prezident postundan gedərək baş nazir kimi ölkədə birinci şəxs olacağı barədə istəyi ilə razılaşmayıb. Əksinə, Sarkisyan rejiminin ömrünə bir neçə ay qaldığını iddia edir.
Müxalifət "üçlüyü"nün dünən keçirdiyi mitinqdə xeyli insan iştirak edib. Onlar daha çox Ermənistanın Avropa Birliyi ilə assosiativ sazişdən imtina edərək Avrasiya İttifaqına daxil olmasına eturazlarını bildiriblər. Bu baxımdan rejimə qarşı keçirilən mitinq anti-Rusiya xarakteri daşıyıb. Digər tərəfdən Rusiyanın Gümrüdəki hərbi qulluqçusunun bir erməni ailəsini bütünlüklə məhv etməsindən dolayı Moskvaya qarşı erməni cəmiyyətinin qəzəbi hələ də soyumayıb.
Yeri gəlmişkən, İrəvanda etiraz aksiyasını təşkil etmək qərarı ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoriya Nulandın Ermənistana səfəri "təsadüfən" üst-üstə düşüb. "Rosbalt.ru" saytının şərhinə görə, istisna deyil ki, erməni müxalifəti bununla Kiyev "Maydanı"nın arxasında duran Qərbə Moskvadan asılı olmadıqlarını nümayiş etdirməyə qərar verib.
Qafqaz İnstitutunun direktor müavini Sergey Minasyan hesab edir ki, əgər yaxın günlərdə Respublika və "Çiçəklənən Ermənistan" partiyaları arasında səhnəarxası hansısa razılıqlar əldə olunmasa, ölkədə kifayət qədər maraqlı proseslər baş verəcək: "Təbii ki, Respublika Partiyası "Çiçəklənən Ermənistan" Partiyasının zəiflədilməsi üzrə hərəkətlərə təşəbbüs edəcək. Aralarındakı bütün körpülər yandırılmayıb, amma hamısına zərər vurulub".
Bir neçə gün öncə ölmüş erməni hərbçilərin valideynləri də prezident iqamətgahı qarşısında etiraz akisyası keçiriblər. Əllərində ölmüş əsgərlərin şəkilləri həkk olunmuş plakatlar tutan aksiya iştirakçıları Sarkisyanın iqamətgahına doğru irəliləməyə cəhd göstəriblər.
Polislər isə onların qarşısını kəsərək buna mane olublar. Aksiya iştirakçısı deputat Aram Manukyan polisləri ölən əsgər valideynlərinə qarşı zor tətbiq etməkdən çəkinməyə çağırıb.
"Sabah Serj Sarkisyan ölkədə olmayacaq, siz isə burada yaşayacaqsız. Sən bu gün elədiklərinə görə nə cavab verəcəksən? Sabah sizi bu kadrlara görə hakim qarşısına çıxaracaqlar", - deyə erməni deputat bildirib.
Bundan sonra etirazçılar İrəvanın Azadlıq meydanında aksiyanı davam etdiriblər.
Erməni eksperti, Qafqaz İnstitunun direktoru Aleksandr İskəndəryanın sözlərinə görə, Ermənistanda inqlaba ehtiyac var: "Çünki, siyasət bir bazardır, əgər bazarda tələb varsa, təklif də var. İndiki halda erməni müxalifəti zəifdi, elə Sarkisyan hakimiyyəti də həmçinin, deməli, radikal elektoratın formalaşması və inqilab etməsi ehtimalı böyükdür".