“Putin dəhşətli dərəcədə qorxur...” Dünya

“Putin dəhşətli dərəcədə qorxur...”

Vladimir Qolışev: "O, ümid edir ki, hamı bu oyunu oynamaq istəyəcək"

Cavid

Rusiya prezidenti Vladimir Putinin "Rossiya-1" telekanalına Ukrayna mövzusu ilə bağlı müsahibəsi göstərir ki, Rusiya lideri Qərblə yeni oyun oynamaq niyyətindədir". Ukrayna mediası xəbər verir ki, bu barədə Rusiya dramaturqu və publisisti Vladimir Qolışev bildirb.
Onun sözlərinə görə, Putinin çıxışı Rusiya vətəndaşlarına deyil, hər şeydən əvvəl Qərbə ünvanlanıb: "Putin heç vaxt Rusiya vətəndaşlarına müraciət etmir, çünki Rusiya vətəndaşlarının fikri onu maraqlandırmır. Putin niyyəti sanksiyaların daha sərtləşməsindən qaçmaqdır. Bundan başqa, Putin Ukraynanın ABŞ-dan müasir silahlar ala biləcəyindən dəhşətli dərəcədə qorxur", - Qolışev deyib.
Rusiyalı publisist hesab edir ki, Putin savaşdan kənarda olduğu görüntüsünü yaratmaq istəyir: "Avropa və ABŞ bu oyunu nə vaxta kimi dəstəkləməyə meyllidir? Putin ən azından bunu hesablayır. O, ümid edir ki, hamı bu oyunu oynamaq istəyəcək. Qərb isə gözləyir ki, Putin Ukraynanın ərazisindən qoşunları çıxarsın və döyüş əməliyyatlarını dayandırsın. Hər şey çox sadədir: Minsk protokoluna tamamilə riayət edilməlidir. Qərb ölkələri Putindən üzərinə götürdüyü öhdəliklərin dəqiq icrasını tələb edir".
Qeyd edək ki, Rusiya prezidenti dünən "Rossiya-1" telekanalına müsahibəsində Ukraynanın şərqisindəki vəziyyəti və Rusiya-Ukrayna münasibətlərini dəyərləndirib. Putin Ukrayna prezidenti Pyotr Poroşenkonun bəyanatlarına məna vermədiyini bildirib: "Məsələn, Ukrayna prezidenti və digər ukraynalı səlahiyyətlilər bir il əvvəl baş verən faciəvi Maydan hadisələrində Rusiya rəhbərliyinin iştirak etdiyini bildirirlər. Bu, tamamilə axmaq və gerçəklərdən uzaq fikirlərdir".
Krımın qaytarılacağı ilə bağlı Poroşenkonun dünən verdiyi bəyanata gəlincə, Putin bunun qeyri-mümkün olduğunu qeyd edib.
"Rossiya-1" telekanalının jurnalisti Putinə "Rusiya və Ukrayna arasında müharibə olarmı" sualı verib. Rusiya prezidenti isə cavabında "Mən bu qiyamət ssenarisinin mümkün olduğunu düşünmürəm. Proseslərin bu nöqtəyə gəlməyəcəyinə ümid edirəm" deyib.
Bu arada ABŞ-ın dövlət katibi Con Kerri bildirib ki, Rusiya nümayəndələri özlərinin Ukraynadakı fəaliyyətləri ilə bağlı dəfələrlə onun üzünə yalan danışıblar.
O, ABŞ Senatının beynəlxalq münasibətlər üzrə komitəsi qarşısında çıxış edərkən belə deyib.
Kerri komitə sədrinin Rusiya tərəfinin Ukraynanın şərqindəki vəziyyətlə bağlı yalan danışıb-danışmadığı barədə sualını cavablandırarkən Rusiya nümayəndələrinin yalan danışmaqda günahlandırıb:
"Rusiyada mənim soyuq müharibənin ən qızğın dövründən bu günə qədər görmədiyim ən açıq və geniş təbliğat kampaniyası dövrü yaşanmaqdadır. Onlar bir çox hallarda mənim və başqalarının üzünə duraraq həqiqəti təhrif etməkdə, yalan danışmaqda israrlıdırlar".
Qeyd edək ki, Rusiya hakimiyyəti Ukrayna ərazisində onun nizami qoşunlarının vuruşduğunu davamlı olaraq inkar edir, lakin münaqişədə Rusiya könüllülərinin iştirak etdiyini istisna etmir. Moskva həmçinin separatçılara silah ötürdüyünü inkar edir. Qərb ölkələri isə bu bəyanatları həqiqətdən uzaq hesab edirlər.